Dünya Bankı Azərbaycanda qaz sızmalarının aşkarlanması layihəsinin təsdiq tarixini dəyişib

Dünya Bankı Azərbaycanda qaz sızmalarının aşkarlanması layihəsinin təsdiq tarixini dəyişib.

Bankın saytında dərc olunan yenilənmiş layihə məlumatlarına əsasən, “Azerigas Gas Leak Detection and Repair Facility” adlı layihənin təsdiq tarixi 21 may 2026-cı ildən 28 iyula keçirilib.

“Layihənin məqsədi “Azəriqaz” tərəfindən idarə olunan qazpaylayıcı şəbəkədə sızmalar nəticəsində yaranan metan emissiyalarını azaltmaq, həmçinin şirkətin aktivlərin idarə olunması sahəsində potensialını gücləndirməkdir. Maliyyələşdirmənin həcmi 15 milyon ABŞ dolları təşkil edir”, – Dünya Bankının məlumatında deyilir.

Qeyd olunur ki, layihə “Azəriqaz”ın qazpaylayıcı sistemində qaz sızmalarının aşkarlanması və aradan qaldırılması üçün vəsait alan tərəf tərəfindən həyata keçiriləcək maliyyə mexanizminin yaradılmasını nəzərdə tutur.

“Mexanizm Global Flaring and Methane Reduction Partnership (GFMR) etimad fondunun ilkin qrantı hesabına işə salınacaq. Qrantın alıcısı və qrant hesablarının sahibi SOCAR olacaq. “Azəriqaz” isə layihənin yeganə benefisiarı və icraçı təşkilatı qismində çıxış edəcək, onun gündəlik icrası və idarə olunmasına cavabdeh olacaq. Metan emissiyalarının mərhələli şəkildə azaldılması məqsədilə sızmaların aşkarlanması və təmiri üzrə razılaşdırılmış tədbirlər üçün vəsait SOCAR-dan “Azəriqaz”a yönləndiriləcək”, – Bankdan bildirilib.

 Məlumata görə, layihə “Azəriqaz”ın Bakıda qaz sızmaları üzrə baza xəttinin formalaşdırılması məqsədilə həyata keçirdiyi pilot proqramın təcrübəsinə əsaslanacaq.

“Təmir işləri əvvəlcədən razılaşdırılmış uyğunluq meyarlarına əsasən “Azəriqaz” tərəfindən təklif ediləcək və həyata keçiriləcək. Hər xərclənən ABŞ dolları müqabilində emissiyaların maksimum azaldılmasını təmin etmək üçün tədbirlərin prioritetləşdirilməsi zamanı dəyər, mürəkkəblik, təsir və digər müvafiq amillər nəzərə alınacaq. Bundan əlavə, GFMR vəsaitləri ilkin mərhələdə və daha sonra “Azəriqaz”ın OGMP 2.0 standartına uyğun olaraq emissiyaların monitorinqi, hesabatlılığı və verifikasiyası sahəsində potensialının inkişafına yönəldiləcək”, – Bankdan qeyd olunub.

Xatırladaq ki, Azərbaycan 2024-cü ildə metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü öhdəlik götürməsini nəzərdə tutan “Qlobal Metan Öhdəliyi” təşəbbüsünə qoşulduğunu elan edib.

Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğunun direktoru Kristina Lobilio Borrero hesab edir ki, metan emissiyalarının azaldılması xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycan Qlobal Metan Öhdəliyinə (Global Methane Pledge) qoşulub, SOCAR isə 2024-cü ildə Oil & Gas Methane Partnership 2.0 proqramının iştirakçısı olub. Bu, emissiyaların ölçülməsi, hesabatlılığı və verifikasiyası, sızmaların aşkarlanması və aradan qaldırılması, həmçinin qazın rutin yandırılmasının və məşəllərdə buraxılan emissiyaların azaldılması sahəsində praktik əməkdaşlıq üçün möhkəm əsas yaradır. Söhbət təkcə iqlim siyasətindən getmir. Bu, həm də səmərəliliyin artırılması, itkilərin azaldılması və neft-qaz sektorunun modernləşdirilməsi məsələsidir”, – o, Trend-ə eksklüziv müsahibəsində bildirib.//Trend