Bakı–Tbilisi marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı hazırlıq işləri müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq dəmir yolu daşımalarının inkişafı, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının artırılması və rəqəmsal inteqrasiyanın genişləndirilməsi istiqamətində işləri davam etdirir.

ADY-dən bildirilib ki, bu məqsədlə Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyalarının, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Böyük Kəsik stansiyasında görüş keçirilib.

Görüşdə dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması müzakirə olunub. Azərbaycan–Gürcüstan sərhədində yük qatarlarının keçid prosesi, vaxt itkisinə səbəb olan amillər və sərhədkeçmə müddətinin azaldılması imkanları nəzərdən keçirilib. Tərəflər, həmçinin regional nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Əsas mövzulardan biri də rəqəmsal həllərin və elektron məlumat mübadiləsinin genişləndirilməsi olub. ADY ilə “Gürcüstan Dəmir Yolları” SC arasında qatarlar və yüklər barədə məlumatların real vaxt rejimində elektron mübadiləsi imkanları ətraflı müzakirə edilib, aidiyyəti dövlət qurumlarının, o cümlədən gömrük idarələrinin informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.

Bakı–Tbilisi marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı hazırlıq işləri də müzakirə olunub. Sərnişinlərin rahatlığının artırılması məqsədilə sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, nəzarət proseslərinin daha çevik və müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycanla Gürcüstan arasında yükdaşımaların səmərəliliyinin artırılması və Orta Dəhlizin tranzit imkanlarının gücləndirilməsi məqsədilə ayrıca işçi görüş də keçirilib. Görüşdə ADY-yə məxsus elektrik lokomotivlərinin Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutu üzrə qatar tərkibi ayrılmadan fasiləsiz işləməsinin təşkili barədə qərar qəbul edilib.

Tərəflər vaqonlara texniki baxış prosedurlarının təkrarlanmasının aradan qaldırılması barədə yeni yanaşmanın tətbiqinin əhəmiyyətini vurğulayıblar. Yeni yanaşmaya əsasən, əvvəllər həm Böyük Kəsik, həm də Qardabani stansiyalarında aparılan vaqon baxışının Azərbaycan–Gürcüstan istiqaməti üzrə yalnız Böyük Kəsik stansiyası, Gürcüstan–Azərbaycan istiqamətində isə Tbilisi qovşaq stansiyasında həyata keçirilməsi nəzərdə tutulur. Bu optimallaşdırma sərhəd keçidinin daha çevik təşkilinə və yük qatarlarının keçid müddətinin 2 dəfə azaldılmasına imkan verəcək. Artıq marşrut üzrə çevik yük əməliyyatları uğurla test olunub.