Göygöldə qəhvəyi mərmər bağacığının qışlama yerlərinə baxış keçirilib, zərərvericilər məhv edilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, zərərvericiyə qarşı bitki mühafizə tədbirləri planı çərçivəsində aidiyyəti qurumların iştirakı ilə Göygöl rayonunun Qızılqaya və Firuzabad qəsəbələrində qəsəbə sakinləri ilə maarifləndirici söhbətlər aparılıb. Həmçinin zərərvericinin qışlama yerlərinə baxış keçirilib, aşkarlanan zərərvericilər mexaniki üsulla məhv edilib.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığı ilə mübarizədə vətəndaşların, yerli sakinlərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Zərərvericinin yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda, yetkin fərdləri uçmaqla 35-100 kilometrədək məsafə qət edə bilir. Evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Sakinlər payız-qış mövsümündə bağacığın qışlama yerlərini aşkar edib, fərdlərini toplayaraq məhv etdikdə onun populyasiyası növbəti mövsümdə əhəmiyyətli dərəcədə azala bilər.

