AMEA-da Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verilib?

AMEA Elm və təhsil şöbəsinin açıqlama yayıb

Sosial şəbəkələrdə AMEA-da Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verilməsi ilə əlaqədar yayılmış qeyri-obyektiv məlumatlara aydınlıq gətirilməsi üçün aşağıdakıları ictimaiyyətin diqqətinə çatdırmağı lazım bilirik:

AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil şöbəsinin əməkdaşı, 1990-cı il təvəllüdlü, Quba rayonunda doğulmuş, Bakı Dövlət Universitetinin bakalavr pilləsini, Bakı Slavyan Universitetinin magistr pilləsini isə fərqlənmə diplomu ilə bitirmiş Aynur Cavanşir qızı Günəşli 2013-cü ildə Akademiyanın Fəlsəfə və Sosiologiya İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. O, 2015-2016-cı illər tarixdə həmin institutun kiçik elmi işçisi vəzifəsində çalışmışdır. Aynur Günəşli 11 iyun 2016-cı il tarixdən 30 aprel 2021-ci il tarixədək 4 ildən çox AMEA Elm Tarixi İnstitutunun kadrlar şöbəsinin müdiri vəzifəsində, 2021-ci ildə isə 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir.

Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının “rəhbəri” olduğu dövrdə 24 aprel 2021-ci ildən 25 noyabr 2022-ci ilədək AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsini daşımışdır ki, bunun da cəmisi 9 ayı (19 fevral 2022-ci ilədək) həmin mərhələyə aiddir. Tutduğu kiçik vəzifəyə görə o, hər hansı qərar qəbul etmə və ya sosial şəbəkələrdə şişirdilmiş şəkildə deyildiyi kimi “məxfi sənədlərin hazırlanmasında” iştirak etmək səlahiyyətinə malik olmamışdır.

AMEA Rəyasət Heyətinin Aparat rəhbəri strukturu 2022-ci ildə ləğv edildikdən sonra Aynur Günəşli Akademiyanın Elm və təhsil şöbəsində baş mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Aynur Günəşlinin adı Akademiya dairəsində heç vaxt kiminsə adamı kimi hallanmamışdır. Akademiyada o, peşəkar proqramçı, elmi hesabatların elmmetrik qaydada rəqəmsal proqnozlaşdırılması ilə məşğul olan gənc mütəxəssis və habelə Gənc Alim və Mütəxəssislər Şurasının fəallarından biri kimi tanınır. 2018-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Aynur Günəşli Yasamal rayonu təşkilatının AMEA Rəyasət Heyəti Aparatı üzrə ərazi təşkilatı sədrinin müavinidir.

Nəsimi adına Dilçilik İnstitutunun 2015-ci ildən dissertantı olan Aynur Günəşlinin dissertasiya işi 02 iyul 2025-ci il tarixdə Dilçilik İnstitutunda müzakirə edilərək müdafiəyə buraxılmışdır. Onun dissertasiya müdafiəsinin sürətləndirilməsi üçün heç vaxt Nəsimi adına Dilçilik İnstitutuna müraciət edilməmişdir.

Son aylarda Aynur Günəşlinin başqa bir qurumda daha yüksək maaşla işə dəvət alması ilə əlaqədar olaraq, Elm və təhsil şöbəsi onun bacarıqlı və perspektivli gənc peşəkar mütəxəssis kimi Akademiyada qalıb, öz işini davam etdirməsi arzusunu nəzərə alaraq Akademiya rəhbərliyinə müraciət etmişdir. Aynur Günəşli Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavərinin  2 fevral 2026-cı il tarixli təqdimatı əsasında həmin şöbənin müdirinin müavini vəzifəsinə təyin olunmuşdur. Təyinatdan dərhal sonra Aynur Günəşli Elm və təhsil şöbəsinin 15 nəfərdən ibarət olan əməkdaşlarına təqdim edilmişdir.

Akademiyanın Rəyasət Heyəti əməkdaşlarının gözü qarşısında baş vermiş bu reallıqlarla sosial şəbəkələrdə yayılan məlumatlar tam təzad təşkil edir və qətiyyən həqiqəti əks etdirmir. Sosial şəbəkələr bacarıqlı bir gənc mütəxəssisi yalan, uydurma məlumatlarla hədəfə alıb, ona kölgə salmağa çalışmaqla yüzlərlə başqa gənclərin də ümidlərini qırmağa xidmət edirlər.