ANA DİLİ – Varlığımızın Möhürü
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…Onu gözlərimiztək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Bəxtiyar Vahabzadə
Fevralın 21 - i bütün dünyada dil və mədəni müxtəlifliyini qoruyub saxlamaq üçün təsis edilmiş Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu gün təkcə bir tarixi hadisənin xatırlanması deyil, eyni zamanda insanlığın mənəvi dəyərlərə sədaqətinin simvoludur. 1952 - ci ilin fevralında Banqladeşin Benqal şəhərində ana dilinin rəsmi statusu uğrunda mübarizə aparan və bu mübarizədə həyatlarını itirən gənclərin qəhrəmanlığı illər sonra UNESCO tərəfindən qiymətləndirildi və 1999 - cu ildə bu gün Beynəlxalq Ana Dili Günü elan edildi.
Bəs dil nədir? Söz yığını, cümlələr ardıcıllığı? Əlbəttə ki, YOX.
Dil, ruhun ən incə melodiyasını, ən dərin hisslərini kəşf etməyə açılan qapıdır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyub, inkişaf etdirən ən dəyərli və ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında və soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Dilimiz bizim keçmişimiz, bu günümüz və sabahımızdır, dünənimizdən sabahımıza uzanan mənəvi körpüdür.
Hər xalq öz dilində düşünür, yazıb-yaradır və bu dillə öz varlığını dünyaya tanıdır. Azərbaycan dili isə elə bir dildi ki, sanki sözləri öz-özünə musiqiyə çevrilir, cümlələri poeziyaya dönür.
Türk dilləri ailəsinin Oğuz qrupuna daxil olan bu dilin səlist ahəngi, ifadə zənginliyi və sadəliyi onu dünyada ən şirin dillərdən biri kimi tanıdıb. O, kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına və yüksək səviyyəli ədəbi yazı normalarına malikdir. Böyük rus şairi M.Y.Lermontov Qafqazda olarkən dostu S.A.Rayevskiyə yazırdı ki, “Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir.”
Uşağın ilk eşitdiyi layla, ananın ilk duası, xalqın min illər boyu topladığı hikmət hamısı ana dilimizin sehrində cəmlənib. Azərbaycan dili görkəmli söz ustalarımız - Füzulinin eşqini, Nizaminin müdrikliyini, Vaqifin hikmətini, Xətainin qürurunu, Sabirin satirasını, Mirzə Cəlilin realizmini, Səməd Vurğunun vətən sevgisini, Bəxtiyar Vahabzadənin millət ruhunu, Hüseyn Cavidin romantizmini, Anarın müasir düşüncəsini, Elçinin söz sehrini yaşadır.
Sokrat deyirdi: “Danış, səni görüm.” Bu söz bizə xatırladır ki, danışığımız, sözlərimiz və gündəlik ünsiyyətimiz vasitəsilə həm özümüzü, həm də ana dilimizi ifadə edirik. Təəssüf ki, ana dilimizi qorumaq işini bu gün yalnız müəllimlərə, dilçilərə buraxmışıq. Halbuki, bu, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
Hər bir xalqın tarixində elə məqamlar vardır ki, bu anlar, onun gələcəyini müəyyən edən dönüş nöqtələrinə çevrilir. Azərbaycan dilinin dövlət dili kimi tanınması, məhz belə bir tarixi hadisədir. Bu, yalnız hüquqi bir akt deyildi, həm də millətin öz kimliyini tanıması, öz gələcəyinə sahib çıxmasıdır. Dil, bir xalqın ruhunun, mədəniyyətinin və mənliyinin aynasıdır. Dil, bir xalqın keçmişini, gələcəyini əks etdirən güclü bir alətdir. Azərbaycan dilinin dövlət dili kimi təsdiqlənməsi, sadəcə bir dilin hüquqi sənədlə qorunması deyildi, bu, həm də xalqın özünün tarixi və mədəni dəyərlərinə sıx bağlılığının bir təzahürü idi.
Hazırda ana dilimiz - Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dövlət dili statusunu daşıyır. Azərbaycanın ərazisində yaşayan bir sıra azsaylı xalqlar, lahıclar, talışlar, tatlar, saxurlar, udinlər, ləzgilər, avarlar, kürdlər, yəhudilər və digərləri isə Azərbaycan dilindən ikinci ana dili olaraq istifadə edirlər.
Bu gün Azərbaycan dili, sadəcə ölkəmizin rəsmi dili deyil, dünya səhnəsində də öz sözünü deyən, qlobal təsir gücünə sahib bir dilə çevrilib. O, cəmiyyətin həyatında, elmində, ədəbiyyatında, mədəniyyətində, diplomatiyasında və digər sahələrdə müstəqil bir dil olaraq varlığını davam etdirir.
Müasir dünyada sürətli texnoloji inkişaf və informasiya axını bir çox kiçik xalqların dillərinin yox olması təhlükə ilə üzləşməsinə səbəb olur. UNESCO - nun son məlumatına görə, bu gün yüzlərlə dil məhv olmaq riski altındadır. UNESCO - dünyadakı bu dilləri iki əsas kateqoriyaya bölür: yox olmaqda olan dillər və təhlükə altında olan dillər.
Birinci kateqoriyaya aid dillərlə artıq yalnız yaşlı nəslin bəzi nümayəndələri danışır. Onların övladları ya həmin dili çox zəif anlayır, ya da tamamilə bilmirlər.
Təhlükə altında olan dillər isə nisbətən daha canlı hesab olunur. Bu dillərdə danışan gənc nəslin nümayəndələri də mövcuddur və onların fəaliyyəti dilin qismən yaşamasına imkan yaradır. Avropada ən kritik vəziyyətdə olan dillərdən biri isə alman dilinin qotşey dialektidir. Azsaylı etnik qrup olan qotşey almanlarının danışdığı bu dialekt əsasən Sloveniyanın Koçevye şəhərində işlədilir. Hazırda bu dili bilən insanların dəqiq sayı məlum deyil ki, bu da onun tamamilə yox olma təhlükəsi ilə üzləşdiyini göstərir.
Bu faktlar bir daha göstərir ki, dilin yaşaması üçün yalnız dövlət səviyyəsində deyil, hər bir şəxsin məsuliyyəti də vacibdir.
Odur ki, ey azərbaycanlı, dilimiz - torpaq qədər müqəddəsdi, bayraq qədər ucalıqdı, sazımızın-sözümüzün ahəngi qədər şirindi. Unutma dilini qorumaq - özünə hörmət deməkdi, kökünə sahib çıxmaq deməkdi.
Görkəmli maarifçi Sultan Məcid Qənizadə demişkən: “Həqiqətən, bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarığına malik olmaqla öz xüsusiyyətləri ilə fəxr edə bilər.” Bu sözlər bu gün də aktuallığını itirmir və ana dilimizin nə qədər güclü, yaşayışa qadir və zəngin olduğunu bir daha sübut edir.
Hazırladı: Aysel Cəbrayıl

