Coğrafiyaşünas-alim: İqlim dəyişiklikləri su qıtlığını artırır
Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatına malik olan ölkədir. Şirin suyun mənbəyi əsasən ölkə xaricindədir. Buna Kür və Araz çaylarıını misal göstərmək olar. Daxili çaylarımız da müəyyən miqdarda su ehtiyatımıza aiddir. Antropogen amillər və iqlim dəyişikliyi, həmçinin qış aylarında yağıntıların az olması su ehtiyatlarına ciddi təsir edir. İqlim amili burada böyük rol oynayır. Temperatur artır, yağıntılar azalır. Həmçinin insanların suya tələbatı artıb. Şirin sudan kənd təsərrüfatında da istifadə edilir. Temperatur artdıqca əkin sahələrində quraqlıq ehtimalı böyüyür. Bu da suya olan tələbatı kəskin şəkildə artırır.
Yerveinsan.az bildirir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov danışıb. Onun sözlərinə görə, elə əkin sahələri var ki, orada süni suvarmadan istifadə olunmur, məhsul yağıntı suları ilə becərilir. Məsələn, Gədəbəy və digər dağlıq rayonlarda becərilən kartof sahələri. Belə ərazilərimiz isə olduqca azdır. Nəzərə almaq lazımdır ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda su ehtiyatları dəfələrlə azdır və bu statistika mənfiyə doğru gedir.
“Televiziyada, mətbuatda və sosial şəbəkələrdə bu istiqamətdə maarifləndirmə işlərinin aparılması vacibdir və bu bir sistem halına salınmalıdır. Su probleminin həllində iqlim dəyişiklikləri və antropoen amillər nəzərə alınmalı, sudan səmərəli və qənaətlə istifadə ön plana çəkilməlidir”, - deyə alim bildirib.

