TITR ilə yükdaşımaların müddəti iki dəfə azaldılıb

Keçən il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR, Orta Dəhliz), xüsusən də konteyner daşımaları baxımından aktiv inkişafı ilə əlamətdar olub.

Yerveinsan.az bildirir ki, bu barədə AZƏRTAC-a müsahibəsində TITR Assosiasiyasının baş katibi vəzifəsini icra edən Nurgül Jakupova bildirib.

O qeyd edib: “2025-ci ildə konteyner daşımalarının ümumi həcmi 76.900 TEU-ya çatıb ki, bu da 2024-cü ilin göstəricisindən 36% çoxdur”.

Jakupovanın sözlərinə görə, hesabat dövründə TITR marşrutu üzrə 433 konteyner qatarı istismar olunub ki, bunlardan 400-ü Şərq-Qərb istiqamətində, 33-ü isə Qərb-Şərq istiqamətində hərəkət edib. Bu, marşrut üzrə konteyner daşımalarının müntəzəmliyinin və dayanıqlığının artdığını əyani şəkildə nümayiş etdirir.

“Bundan əlavə, bu müsbət tendensiyanın əsas amillərindən biri qış dövrü istisna olmaqla, konteyner qatarlarının çatdırılma müddətinin yarıya qədər - 12-15 günədək azaldılması olub”, - deyə o bildirib.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, həmçinin Orta Dəhliz kimi də tanınır və Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələri ilə birləşdirir.