“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovla geniş müsahibə
Ölkə iqtisadiyyatının liderlərindən birinə çevrilməyi hədəfləyirik
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin qeyri-neft sektorunun önəmli iştirakçılarından birinə çevrilməsi, beynəlxalq əməkdaşlıq, kadr hazırlığı, qızılın qiymətinin dəyişməsinin təsirləri haqqında “Yer və İnsan” jurnalına geniş müsahibə verib. Müsahibəni diqqətinizə çatdırırıq.
-Zakir müəllim, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli Sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti təsis edildi. Deyə bilərikmi, ötən müddət ərzində artıq “AzerGold” QSC ölkəmizin qeyri-neft sektorunun önəmli iştirakçılarından birinə çevrilib.
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ölkəmizin dağ-mədən sənayesi üçün həqiqətən də dönüş nöqtəsi oldu. Qeyd edim ki, Cənab Prezidentin Sərəncamına əsasən QSC metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Yarandığı ilk gündən dövlət başçısının Sərəncamından irəli gələn tapşırıqları yerinə yetirmək üçün “AzerGold” QSC gərgin işə başladı. 2016-cı ildə dövlət qeydiyyatını keçərək Cəmiyyət qızılın hasilatına, 2017-ci ildən etibarən isə ixracına başladı. 2017-ci ilin aprel ayından indiyədək “AzerGold” QSC tərəfindən Çovdar filiz emalı sahəsində qiymətli metalların hasilatı, satışı və ixracı nəticəsində ölkə iqtisadiyyatı 196 milyon manata yaxın gəlir əldə edib. Qısa müddət ərzində “AzerGold” QSC qızılın ixracında əhəmiyyətli artıma nail olmaqla qeyri-neft sektorunun sənaye məhsullarının ixracında lider mövqelərə yüksəldi. Belə ki, 2017-ci ilin yekunlarına əsasən dəyər ifadəsində qızılın ixracının 61.6%, ölkənin ümumi qeyri-neft ixracının 5% “AzerGold” QSC-nin payına düşüb. Qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlər, dünya mətbuatının da diqqət mərkəzinə düşüb. Mədən sənayesində dünyanın aparıcı və məşhur nəşrlərindən biri olan Böyük Britaniyanın “World Mining” jurnalı Azərbaycanda yaradılan əlverişli investisiya mühiti, hökm sürən sosial-iqtisadi və ictimai-siyasi sabitlik, hökumətin qeyri-neft sektorunun inkişafını dəstəkləməsi və mədən sənayesinin perspektivlərindən geniş söhbət açmaqla yanaşı, “AzerGold” QSC-nin qazandığı nailiyyətlər haqqında da ətraflı məlumat verib. Əlbəttə, “AzerGold” QSC artıq qeyri-neft sektorunun aparıcı iştirakçılarından birinə çevrilib, ölkə ixracında əhəmiyyətli paya sahib olub. Dövlət başçısının diqqət və qayğısına, ölkəmizin təbii sərvətlərinə və əməkdaşlarımızın peşəkarlığına əsaslanaraq qarşımıza daha da iddialı məqsədlər qoyuruq. Yaxın illərdə yeni yataqları istismara verməklə ölkə iqtisadiyyatının liderlərindən birinə çevrilməyi hədəfləyirik.
-“AzerGold” QSC hansı sahələrdə beynəlxalq şirkətlərlə əməkdaşlıq edir?
-“AzerGold” QSC əməkdaşlıq quran zaman lazımi xidmət və malları təqdim edən yerli şirkətlərə üstünlük verir. Yerli bazarda təqdim olunmayan bəzi avadanlıqların alınması və ya xidmətlərin təmin edilməsi üzrə biz xarici şirkətlərlə əməkdaşlıq edirik. Belə ki, 2017-ci ilin 4-cü rübündə Naxçıvan Muxtar Respublikasında yerləşən Ortakənd-Xanağa sahəsində yerli şirkətin mütəxəssisləri tərəfindən aparılan və müsbət nəticə verən yerüstü elektrik və maqnit kəşfiyyat işləri üçün avadanlıq İtaliyanın məşhur “Geostudi Astier srl” geofizika şirkətindən alınmışdır. Bundan əlavə, Böyük Britaniyanın dünyaca məşhur “SRK Consulting” və “Micon International Limited” şirkətləri ilə təqdidat, qiymətləndirmə və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanmasında, qızılın saflaşdırılmasında İsveçrənin məşhur “Argor-Heraus” şirkəti ilə geniş əməkdaşlıq qurmuşuq.
Mövcud tərəfdaşlıq şəbəkəsi ilə yanaşı, biz işgüzar əlaqələrimizin genişlənməsinə, fikir mübadiləsinin aparılmasına, dağ-mədən sənayesində mövcud tendensiyaların izlənilməsinə böyük diqqət ayırırıq. Bu məqsədlə, “AzerGold” QSC son bir ildə Türkiyə Dağ-mədən Mühəndislər Palatası tərəfindən təşkil edilən 6-cı Beynəlxalq Mədən Avadanlıqları və Texnologiyaları və Qazaxıstanın paytaxtı Astanada təşkil olunan Dünya Dağ-Mədən konqreslərində, həmçinin Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən “Mines and Money” və Kanadanın Toronto şəhərində təşkil olunan “PDAC 2018” beynəlxalq konfranslarında iştirak etmişik. Bir müddət öncə “AzerGold” QSC-nin geniş tərkibli nümayəndə heyəti Qazaxıstana səfər etmişdir. Səfər çərçivəsində yeni texnologiyalarla tanışlıq və təcrübə mübadiləsi ilə yanaşı, yeni işgüzar əlaqələr yaratdıq. Əminəm ki, yeni yaradılan əlaqələr də “AzerGold” QSC-nin fəaliyyətinə öz müsbət təsirlərini göstərəcək.
-Hal-hazırda gərgin iş mövsümü davam edir. İndidən 2018-ci ili “AzerGold” QSC üçün uğurlu hesab etmək olarmı?
-“AzerGold” QSC 2017-ci ilə nisbətən bu il hasilatı 33% artırıb. Yeni yataqların axtarışı istiqamətində də tədqiqat işləri davam etdirilib. Məhz bu tədqiqatlar sayəsində cari ildə Çovdar yatağından 5-7 kilometr məsafədə yerləşən Ağyoxuş perspektivli qızıl sahəsi aşkarlanmış, ərazidə kompleks geoloji tədqiqat və buruq-qazma işləri başlanılmışdır. Həmçinin, bu il Çovdar yatağının ehtiyatlarının mənimsənilməsinin II fazasında nəzərdə tutulan sulfid filizlərinin ehtiyyatlarını artırmaq məqsədi ilə ümumi dərinliyi 6 min metr təşkil edən 32 quyunun qazılması tamamlanıb, götürülmüş sınaqlar beynəlxalq səviyyəil ”Intertek” şirkətində laborator analizdən keçirilib. Alınmış müsbət nəticələr sulfid filizlərinin ehtiyatlarını nəzərəçarpacaq dərəcədə artıraraq yatağın istismarının iqtisadi səmərəliliyini yüksəltmişdir. Kəşfiyyat nəticəsində alınan geoloji və geofiziki məlumatlar beynəlxalq statuslu “Micon” konsalting şirkətinə yatağın ehtiyyatlarının səmərəli istismarı üzrə texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üçün göndərilib. Bundan əlavə, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən Ortakənd-Xanağa perspektivli sahəsində sənaye əhəmiyyətli mis-qızıl filizlərinin aşkarlaması üçün buruq-qazma işlərinə start verilib. Göygöl rayonu ərazisində perspektivli Tüllalar yatağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə qiymətləndirmə işləri aparılır. Göründüyü kimi, gərgin əməyimiz sayəsində 2018-ci il də “AzerGold” QSC üçün qazanılan böyük nailiyyətlər və görülən əhəmiyyətli işlərlə əlamətdar olacaq.
-“AzerGold” QSC qarşısında duran hansı problemi daha kəskin hesab edirsiniz?
-Qarşımızda duran bütün çətinliklər gərgin əməyimiz sayəsində müsbət həllini tapır. Dövlətimiz kimi, bizim üçün də ən kəskin problem Azərbaycan torpaqlarının işğal olunması və təbii sərvətlərimizin işğalçı dövlət tərəfindən qanunsuz olaraq istismar edilməsidir. Bu yalnız təbii sərvətlərimizin talanması deyil, həm də region üçün ciddi ekoloji problemdir. Bir müddət öncə, işğalçı dövlətin qanunsuz istismar etdiyi Kəlbəcər rayonunun Heyvalı kəndindəki dağ mədənində partlayış nəticəsində baş verən yanğın bunu bir daha təsdiq edir. Cənab Prezidentin tapşırığı ilə təbii sərvətlərimizin qanunsuz istismarı ilə bağlı topladığımız materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılmış, işğal altında olan ərazilərdə filiz yataqlarında qanunsuz hasilat işlərinin aparılması müəyyən edilmişdir. Hazırda bu istiqamətdə müvafiq hüquqi prosedurlar həyata keçirilir. Biz əminik ki, Cənab Prezidentin apardığı uğurlu xarici siyasət sayəsində Azərbaycan torpaqları işğaldan azad ediləcək. Biz də vətəndaş borcumuzu yerinə yetirərək əlimizdən gələni etməliyik ki, işğalçı Ermənistan bütün cinayətlərinə görə cavab versin.
-Mis, sink, qurğuşun, gümüş, qızıl və s. ehtiyyatlarına görə Azərbaycan üçün böyük strateji əhəmiyyət kəsb edən və Avropanın nəhəng yataqlarından biri sayılan Balakən rayonu ərazisində yerləşən Filizçay polimetal yatağının istismarına nə vaxt başlanılacaq?
-Balakən rayonu ərazisində yerləşən və mis, sink, qurğuşun, gümüş, qızıl ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan “SRK consulting” tərəfindən cari ilin sonuna hazır ediləcək. Növbəti mərhələdə metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması, sosial və ətraf mühitə təsirin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması nəzərdə tutulub. Planlaşdırılan işlər həyata keçiriləndən sonra Filizçay yatağının istismarı haqqında daha dəqiq məlumat əldə edəcəyik. Bundan başqa, Balakən rayonu ərazisində yerləşən digər yatağın - Mazımçayın ehtiyatlarının auditi məqsədi ilə mövcud məlumatlar “SRK Consulting” şirkətinə göndərilib.
-Mineral ehtiyatların mənimsənilməsi ölkənin uğurlu inkişafı üçün vacib şərtlərdəndir və yüksək dağlıq rayonların sosial rifahının yüksəlməsi üçün mahiyyət etibarilə əsas yollardan biridir. Respublikanın müxtəlif regionlarında fəaliyyət göstərdiyinizi nəzərə alaraq, həmin regionlarda ixtisaslı mütəxəssislərinizin arasında yerli sakinlər varmı?
-Hazırda “AzerGold” QSC Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsində aktiv hasilat işləri aparır. Bu sahədə 500-dən çox insan çalışır ki, onlardan da əksəriyyəti ətrafda yerləşən kənd və qəsəbələri təmsil edir. Əlbəttə, yaxın illərdə istismara verilməsi nəzərdə tutulan yeni yataqlarda da eyni yanaşma tətbiq olunacaq. Mövcud qiymətləndirməyə əsasən istismara veriləcək mədənlərin yaxın 12 ildə ölkəmizə 3.7 milyard manat gətirəcəyi, əksəriyyətində yerli icmaların nümayəndələri işləyəcək 2 mindən çox yeni iş yerinin açılacağı ehtimal olunur. Bu mədənlərin istismara verilməsi, həm də regionların sosial-iqtisadi inkişafına da öz əhəmiyyətli töhfəsini verəcək.
-“AzerGold” QSC-nin kadr hazırlığı məsələlərinə yanaşmasını bilmək istərdik. Yerli kadrların hazırlanmasında xarici mütəxəssislərin təcrübəsindən istifadə olunurmu?
-Bizim istər geologiya, istərsə də dağ-mədən sahəsində Sovetlər ittifaqında kifayət qədər tanınmış, xarici ölkələrdə çalışmış çox güclü mütəxəssislərimiz var. Bununla yanaşı olaraq, biz əməkdaşlarımızın peşəkar biliklərinin artırılmasına xüsusi diqqət ayırırıq. Bu ilin ilk beş ayında 67 əməkdaş 22 müxtəlif mövzulu yerli və beynəlxalq təlimlərdə iştirak etmişdir. Azərbaycanın ali təhsil ocaqları ilə mövcud əməkdaşlıq şəbəkimiz də kadr potensialımızın möhkəmlənməsinə əhəmiyyətli töhfəsini verir. 2017-ci il və 2018-ci ilin 1-ci yarısında Azərbaycan Dövlət Neft və Sənaye Universitetini, Azərbaycan Memarlıq və İnşaat Universitetini və Azərbaycan Texniki Universitetini təmsil edən 45 tələbə Çovdar filiz emalı sahəsində təcrübə keçib. Bu il biz “ADA” Universiteti ilə də Əməkdaşlıq memorandumu imzalamışıq və Universitetin tələbələri “AzerGold” QSC-də təcrübə keçib. Mən əminəm ki, dərin biliklərini praktik təcrübə ilə zənginləşdirən bu tələbələr yaxın gələcəkdə Azərbaycanın aparıcı şirkətlərində çalışacaq, vətənimizin inkişafına öz dəstəklərini göstərəcəklər. Bu istiqamətdə bundan sonra da fəaliyyətimizi davam etdirərək kadrlarımızın peşə biliklərini artırmaq, kadr potensialını möhkəmləndirmək üçün müvafiq tədbirlər həyata keçirəcəyik.
-Dünya bazarlarında qızılın qiymətinin enib-qalxması Sizin fəaliyyətinizə təsir göstərirmi?
-Dünyada fəaliyyət göstərən aparıcı dağ-mədən şirkətlərinin fəaliyyətini, həmçinin müasir texnologiyaları dərindən araşdıraraq yüksək səmərəliliyə malik istehsal prosesi qurmuşuq. Məhz bunun sayəsində, hətta qızılın qiymətində müşahidə olunan eniş fonunda “AzerGold” QSC tərəfindən istehsal olunan qızılın maya dəyəri, mövcud qiymətlərdən 2 dəfə aşağıdır. Amma qızılın qiymətində müşahidə olunan eniş, hər bir dağ-mədən şirkəti kimi bizə də təsir edir. Belə ki, qızılın qiymətlərinin yüksək olması tədqiqat və kəşfiyyat işlərinin genişlənməsi, iş şəraitinin daha da yaxşılaşdırılması, yeni texnologiyaların tətbiqi üçün münbit şərait yaradır.
-Mütəxəssislər hesab edirlər ki, hər bir ölkənin iqtisadi gücü onun qızıl ehtiyatından asılıdır. Bu barədə Sizin də fikirlərinizi bilmək istərdik?
-Zənnimcə hər bir sahədə olduğu kimi, ehtiyatların idarə olunmasında da diversifikasiyanın tətbiqi çox önəmlidir. Bu istiqamətdə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun investisiya siyasəti xüsusi maraq doğurur. Qeyd edim ki, Dövlət Neft Fondunun investisiya portfelinin məcmu dəyəri ABŞ dollarında, avroda, İngiltərə funt sterlinqində və digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər. Bundan əlavə, Dövlət Neft Fondu investisiya portfelinə daşınmaz əmlak və qızılı da əlavə edib. Sevindirici bir haldır ki, bu ildən etibarən Dövlət Neft Fondu “AzerGold” QSC-nin hasil etdiyi qızılı alacaq və ölkənin qızıl ehtiyyat fondu, həm də Azərbaycan qızılı hesabına formalaşacaq. Beləliklə, risklərin bölünməsi ehtiyatları aparıcı valyutaların məzənnələrinin kəskin dəyişməsindən mühafizə edir, əksər hallarda isə sabit artımı təmin edir.
- Qızılaxtaranlar və qızılçıxaranlar haqqında çoxlu əfsanəvi əhvalatlar mövcuddur. Doğrudanmı, bu, romantiklərin peşəsidir?
Zənnimcə qızılaxtaranlar və qızılçıxaranların və ya müasir dildə desək kəşfiyyat və mədən geoloqlarının kifayət qədər çətin bir peşənin sahibi olduqlarını demək daha düzgün olar. Təsəvvür edin ki, bir ton filizdə səpələnmiş qızılın çəkisi qramlarla ölçülür. Müasir qızılçıxaranların məqsədi bu qızılı maksimal effektivliklə hasil etməkdir. Beləliklə, sizin sualınıza cavab olaraq bildirmək istəyirəm ki, bu yalnız romantiklərin deyil, həm də dərin bilik, yüksək peşəkarlıq və böyük bacarığa sahib olan insanların peşəsidir.
Zakir müəllim, vaxt ayırıb jurnalımıza müsahibə verdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. İnanırıq ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti qarşısına qoyduğu hədəflərə catacaq və ölkə iqtisadiyyatının liderlərindən birinə çevriləcək.
Müsahibəni aldı
İsmayıl Qasımov,
baş redaktor
Mənbə: "Yer və İnsan" jurnalı /İYUL-AVQUST/ - 2018-ci il

