"Morgan Stanley" neftin qiymətilə bağlı proqnozunu endirib
OPEC+ tərəfindən neft hasilatının 2020-ci ilin mart ayının 31-dək azaldılması razılaşmasının uzadılması qərarından sonra “Morgan Stanley”in analitikləri ilin ikinci yarısına neftə olan qiymət proqnozlarını azaldıb.
"APA-Economics"in analitiklərin proqnozlarına istinadən verdiyi məlumata görə, “Brent” markalı neftin bir barelə olan orta qiymət 65 dollar (bundan əvvəl 67,5 dollar səviyyəsində proqnozlaşdırılırdı) səviyyəndə olacaq.
WTI markalı neftin bir barelini orta hesabla analitiklər 60 dollar (öncə olan proqnoz – 65 dollar) səviyyəsində proqnozlaşdırıblar.
Qeyd edək ki, dünən Vyanada OPEC+ nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

