Neft hasilatının azaldılmasına dair sazişin müddəti daha 9 ay uzadılıb
OPEC-ə üzv və qeyri-OPEC ölkələrlə əldə edilən neft istehsalının azaldılmasına dair sazişin müddəti daha 9 ay uzadılıb.
Bu barədə OPEC Konfransının prezidenti, Venesuelanın Neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes deyib.
O, Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının 176-cı iclasından sonra təşkil olunan mətbuat konfransında keçən ilin dekabrında OPEC və bəzi qeyri-OPEC ölkələri ilə əldə olunan neft hasilatının azaldılmasını nəzərə tutan sazişin müddətinin 9 ay uzadılması barədə qərar qəbul edildiyini açıqlayıb. Belə ki, hasilatın gündəlik 1,2 milyon barrel azaldılması nəzərdə tutulur.
OPEC Konfransının prezidenti iclasın səmərəli keçdiyini söyləyib. O, bu gün keçiriləcək OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 6-cı görüşündən sonra hər iki tərəf arasındakı əməkdaşlığın davam edəcəyini bildirib.
Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih isə qəbul edilən qərarda G20 sammitində keçirilən mühüm toplantıların həlledici bir rol oynadığını, həm ABŞ ilə Çin, həm də Rusiya və Səudiyyə Ərəbistanı arasındakı görüşlərin dünya bazarında gərginliyi azaltdığını deyib.
O, sazişin müddətinin 9 ay uzadılması qərarının OPEC-ə üzv olan bütün ölkələrin birgə qərarı olduğunu və kartelə üzv olmayan dövlətlərin də bu qərara sadiq qalacağına inandığını vurğulayıb.
Qərar 2020-ci il martın 31-dək qüvvədə olacaq.
OPEC-in növbəti yığıncağı isə bu il dekabrın 5-də keçiriləcək.
Qeyd edək ki, tədbirlərdə ölkəmizi Energetika naziri Pərviz Şahbazov təmsil edib. Azərbaycan neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılması ilə bağlı təklifi dəstəkləyib.
Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 5-ci görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunmuşdu. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulmuşdu.

