Ağstafada 15 yaşlı oğlanı ildırım vurub öldürdü
15 yaşlı yeniyetməni ildırım vurub.
Hadisə Ağstafa rayonunun Həsənsu kəndi ərazisində fermalardan birində baş verib. Tovuzun Aşağı Quşçu kənd sakini, 15 yaşlı Roman Süleymanovu at belində olarkən ildırım vuraraq öldürüb. Hadisə zamanı at da yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyri-sabit hava şəraitinə görə Bərdə rayonunda külək bir sıra fəsadlar yaradıb. Rayonun Ərəb-2 kəndində güclü külək fərdi yaşayış evinin üstünə aşıb. İri gövdəli ağac evin dam örtüyünü dağıdıb, evin hasarlarında çatlar əmələ gəlib.
Hadisə zamanı ağac elektrik xəttini qıraraq heyvanın üstünə salıb. Nəticədə iribuynuzlu heyvan ölüb.
Küləkli hava şəraiti Mingəçevirdə də fəsadlar törədib. Yağışla müşayiət olunan külək zamanı ağaclardan biri Vəli Hüseynov küçəsinə aşıb. Bu zaman avtomobil və piyadaların hərəkətinə müvəqqəti maneə yaranıb. Küləkli hava şəraiti bəzi küçələrdə elektrik enerjisinin verilişində fasilələrə səbəb olub. Şəhər ərazisində nəqliyyatın hərəkətini tənzimləyən işıqforlar sönüb. Gecə saatlarında yaranan problemlər aradan qaldırılıb.
Qeyri-sabit hava şəraiti Goranboyda da müşahidə olunub. Əsən güclü külək nəticəsində bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Səhər saatlarında enerji verilişi bərpa edilib. Rayonun Boluslu kəndində rabitə xətlərində yaranan nasazlıq səbəbindən kənddə internet və telefon xidməti dayanıb.
Bu aradaölkə ərazisində yağan yağış Bakı-Şamaxı-Yevlax avtomobil yolunda problemlər yaradıb.Yolun Acıdərə qəsəbəsi ərazisindən keçən hissəsində güclü leysan sel yolun tikilməkdə olan hissəsini yuyub..
Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikaları cəlb edilib və yolda avtomobillərin hərəkəti bərpa olunub.

