Abşeronda antisanitar şəraitdə süd və süd məhsulları istehsal edən sex aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinə Abşeron rayonu Novxanı kəndində antisanitar şəraitdə süd və süd məhsullarının istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan şikayət əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, monitorinq zamanı şikayət öz təsdiqini tapıb. İlkin baxış keçirilərkən qanunsuz fəaliyyət göstərən sexdə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. İstehsal sahəsində 700 kiloqram pendir, yağ, qaymaq, yarımfabrikat məhsullar, həmçinin sexin anbarında pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə istifadə edilən bitki yağları aşkar edilib. Baxış zamanı məhsulların istehsal tarixi və yararlılıq müddətinin qeyd olunmadığı, məhsulların saxlandığı anbarın antisanitar vəziyyətdə olduğu müşahidə olunub. Eyni zamanda istehsal prosesində istifadə olunan bəzi avadanlıqların paslandığı, qida məhsulların üzərilərində isə yad cisimlərin olduğu aşkarlanıb.

Məhsullardan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.