Sayt yaradan fiziki şəxs sadələşdirilmiş, gəlir və ya əlavə dəyər vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilər
Sayt yaradan fiziki şəxs onlayn satış fəaliyyəti ilə məşğul olarsa, ona hansı vergi növü tətbiq edilir?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığı gündən yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.
Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə edilir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alınmaq mümkündür. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “ASAN İmza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsiilə aparılır. Vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilən vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərmək olar. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də, ümumiyyətlə inzibatçılığında müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

