Sumqayıtdakı hücumla bağlı cinayət işi başlanıldı

Bu gün saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 2 nəfərin xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şəhərin 16-cı mikrorayon ərazisində, Corat bağları yaşayış massivində fərdi yaşayış evinə silahlı hücum zamanı Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb.

Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, klinikaya hadisədən zərər çəkən 4 nəfər daxil olub: 1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990-cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu, 1960-cı il təvəllüdlü Fərəcova Tərlan Qulu qızı və Sərkan Karakaş adlı Türkiyə vətəndaşı. Onlara lazımı tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.