Aqrar Xidmətlər Agentliyinin sədr müavini Qubada vətəndaşlarla görüşüb

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov oktyabrın 16-da Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qəbulda vətəndaşların müraciəti əsasən Aqrar Xidmətlər Agentliyinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı olub. AXA-nın sədr müavini Cəfər Məhərrəmov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi üzrə yerindəcə müvafiq izahat verilib, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.