Oktyabrın birinci ongünlüyündə orta temperatur çoxillik iqlim normasından 3-5º yüksək olub

Respublikanın əksər bölgələrində oktyabr ayının birinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 3-5º, ötən ilin göstəriciləri ilə müqayisədə isə 5-10º yüksək olması ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 21,3º, Naxçıvanda 21º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 21-22º, Gəncə-Goranboy və Şəki-Zaqatalada 20-21º, Dağlıq Şirvan bölgəsində və Qubada 17-18º, Lənkəran-Astarada 18-22º, Tovuz-Qazaxda 15-21º təşkil edib.

Havanın minimum temperaturu Gədəbəydə 8º, Naxçıvan və İsmayıllıda 10º, Quba və Ceyrançöldə 12º, Cəfərxan və Şamaxıda 13º, Tovuz, Bərdə və Şəkidə 14º, Lənkəran, Gəncə, Zərdab və Zaqatalada 15º, Göyçayda 16º, Maştağada 17º olub.