Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Sentyabrın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyevlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regionda nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini, ölkəmizin Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının inkişafında fəal rol oynadığını qeyd edib. Bu çərçivədə Azərbaycanın əlverişli coğrafi mövqeyinin, müasir nəqliyyat infrastrukturunun, tranzit imkanlarının səmərəli və dayanıqlı inkişafa mühüm töhfə verdiyi bildirilib.

Azərbaycanın təşəbbüsü və səyləri nəticəsində nəqliyyat infrastrukturunun inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, dəmir yolu və avtomobil nəqliyyatı bağlantılarının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Orta Dəhlizin potensialının daha da artırılması, marşrut üzrə yükdaşımaların həcminin genişləndirilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması, habelə iştirakçı ölkələr arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin regional nəqliyyat bağlantılarının inkişafı imkanları, eləcə də digər qarşılıqlı maraq doğuran mövzularda fikir mübadiləsi aparıblar.