Əli Əsədov qazaxıstanlı həmkarını təbrik edib

Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Oljas Bektenova Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Məktubda qeyd olunub ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi və mədəni dəyərlərlə sıx bağlı olan iki ölkənin qardaş xalqlarının iradəsini əks etdirir.

Qarşılıqlı etimad və dəstəyə əsaslanan siyasi dialoqun, ticarət-iqtisadi, investisiya, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın ardıcıl şəkildə genişlənməsinin Azərbaycan-Qazaxıstan tərəfdaşlığının strateji xarakterini əyani şəkildə nümayiş etdirdiyi vurğulanıb.

Azərbaycan və Qazaxıstan dövlət başçılarının rəhbərliyi altında iki ölkə arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənəcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşəcəyinə əminlik ifadə olunub.