Kırım Türklərinin Soyqırımı - Səməd Vəkilov yazır
Rusiya-Ukrayna müharibələri fonunda mübahisəli əraziyə çevrilmiş qədim türk yurdu Kırım türklərinin həyatında 18-20 may 1944-cü il ən faciəvi günüdür.
Krım türkləri (tatarları) Sovet İttifaqı ərazisində ilk deportasiyaya (məcuburi köçürülməyə) məruz qalmış türk xalqıdır. II Dünya müharibəsinin aparıldığı bir dövrdə Krım türklərinin deportasiya edilməsi hansı zərurətdən yaranmışdır?
Tarixşünaslıqda deportasiyanın səbəbləri ilə bağlı irəli sürülən ziddiyətli fikirlər mövcuddur. Sovet mənbələri deportasiyanın səbəbi kimi Krım türklərinin guya müharibə zamanı Nasist Almaniyası ilə əməkdaşlıq etməsinə görə onlara qarşı həyata keçirilən kütləvi cəza tədbiri kimi göstərirdi. Bu mənbələr Krım türklərini SSRİ-yə xəyanət etməkdə ittiham edirdilər. Krım türklərinin bir qrupu Şərqi Avropanı işğal etmiş almanlara Stalin rejimindən xilas olmaq üçün xilaskar kimi baxırdılarsa da, müharibə vaxtı 25,033 Krım türkünün Qırmızı Ordunun tərkibində döyüşlərdə iştirak etməsi, xidmətlərinə görə səkkiz nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi faktr. Bütün bunlar və sonrakı deportasiyaya məruz qalmış millətlərin etnik tərkibi və metodu Krım türklərinə qarşı irəli sürülmüş birinci versiyanı inkar edir. Haqlı olaraq Krım türklərinin milliyətçi kəsimi irəli sürülmüş bu iddialara rədd edir və onların bu ərazilərdən köçürülməsinin Türkiyə ərazisində yerləşən Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş sovet planının tərkib hissəsi olduğunu bildirirdi. Deportasiyanın Krım türklərinin bu plana mane ola biləcəyini nəzərə almaqla həyata keçirilməsi fkri də irəli sürülmüş versiyalardan biridir. 18-20 may 1944-cü il tarixlərində ən azı 191,044 nəfər, Krım Tatarları Milli Hərəkatının məlumatına görə isə 400,000-dən çox Krım tatarı öz qədim yurdundan deportasiya edilmişdir.
İosif Stalinin deportasiya qərarı SSRİ Dövət Müdafiə Komitəsi sədrinin müavini Lavrenti Beriya tərəfindən icra edilmişdir. L.Beriya üç gün ərzində Krım türklərini NKVD, kommunistlər və Qırmızı Ordu üzvlərinin səfərbər olduğu bir mənfur komanda ilə qadınları, uşaqları və yaşlıları yük qatralarına məcburi yerləşdirməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistan Sovet Sosialist Respublikasına sürgün etmişdir. Səkkiz minə yaxın Krım türkü deportasiya zamanı həlak olmuş, bundan başqa on minlərlə insan isə kəskin köçürmə şəraitinə dözməyərək ölmüşdür. Türk düşməni İ.Stalin Krım türklərinin bütün izlərini aradan qaldırmağa çalışırdı. Hətta o, bu məqsədlə əhalinin növbəti siyahıya almalarında Krım türklərinin adının çəkilməsini qadağan etmişdi. 1956- cı ildə hakimiyyətə gələn yeni Sovet lideri Nikita Xruşşov müxtəlif millətlərin deportasiyası da daxil olmaqla Stalinin apardığı siyasəti tənqid etsə də, Krım tatarlarının geri qayıtmasına olan qadağanın ləğv olunmasına dair bir qərar qəbul etmədi. Kırım türkləri 1980-ci illərin sonlarına qədər Orta Asiyada yaşamağa davam etdilər. Məhz həmin dövrdə 260,000 Krım türkü yenidən öz əvvəlki yurd-yuvasına qayıda bildi. Krım tatarlarının geri qayıtması haqqında olan qadağa ləğv olundu və Krım Ali Şurasının 14 noyabr 1989-cu ildə qəbul etdiyi qərara əsasən İ.Stalinin həyata keçirdiyi deportasiya cinayət kimi tövsif edildi. 2004-cü ilə qədər Krım türklərinin böyük hissəsi Krıma geri qayıtdı və yarımadanın əhalisinin 12 faizini təşkil etdilər. Yerli hakimiyyət onların geri qayıtmasına heç bir köməklik göstərmədi, həmçinin itirdikləri torpaqlara görə kompensasiya vermədi. 12 dekabr 2015-ci ildə Ukrayna Ali Radası bu hadisələrin soyqırım kimi tanınması barədə qərar qəbul etdi və 18 may günü Ukraynada Krım tatarlarının soyqırımı" günü kimi ölkə təqviminə salındı.
Səməd Vəkilov
Tədqiqatçı hüquqşünas

