Sahibə Qafarova Jarqalsayxan Banzraqçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Mayın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri bu səfərin Azərbaycan və Monqolustan prokurorluq orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Spiker 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından keçən illər ərzində münasibətlərimizin dostluq, qarşılıqlı dəstək və hörmət əsasında inkişaf etdiyini diqqətə çatdırıb.
İkitərəfli əlaqələrin güclənməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolundan danışan Sahibə Qafarova, Prezident İlham Əliyevin 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29-da iştirak etmək üçün ölkəmizə səfər etmiş Monqolustan Prezidenti Uxnaaqinya Xurelsux ilə görüşünün əhəmiyyətini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyev Monqolustan Prezidentinin Azərbaycana həmin ilk səfərini tarixi hadisə kimi dəyərləndirib.
Milli Məclisin sədri bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Spiker qonağa Milli Məclisin Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə qarşılıqlı əməkdaşlığı, Azərbaycanda parlamentarizm tarixi, müasir parlamentin strukturu, beynəlxalq fəaliyyəti, qanun yaradıcılığı prosesi barədə məlumat verib. Bildirib ki, hazırda fəaliyyət göstərən VII çağırış Milli Məclis 2024-cü ildə keçirilmiş seçki nəticəsində formalaşıb. Həmin seçki Azərbaycanın bütün suveren ərazisində keçirilmiş ilk parlament seçkisi kimi xüsusi əhəmiyyət kəsb edir.
Söhbət zamanı Milli Məclisin sədri Monqolustan parlamenti ilə qarşılıqlı faydalı əməkdaşlıq, bu ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti barədə də fikirlərini bölüşüb.
Dəyərli məlumatlar üçün təşəkkürünü bildirən Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqç ölkəmizə səfəri barədə təəssüratlarını bölüşüb.
İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından söz açan qonaq Azərbaycan Baş prokurorluğu ilə əməkdaşlığın perspektivlərindən danışıb. O, qeyd edib ki, bu gün iki ölkənin Baş prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu hər iki ölkənin vətəndaşlarının hüquqlarının qorunmasına və cinayətkarlığın qarşısının alınmasına öz töhfəsini verəcək. Qonaq Monqolustanda Baş Prokurorluqla parlament arasında əməkdaşlıq, ölkə prokurorluğunun fəaliyyəti və prokurorluq orqanlarının inkişaf perspektivləri barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

