Fövqəladə hallar naziri Naxçıvanda vətəndaş müraciətlərini dinləyib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 30-da Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Naxçıvan Muxtar Respublikası sakinlərinin qəbulunu keçirib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əvvəlcə, nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən Naxçıvan Muxtar Respublikası sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.