Dəyəri 76 milyon manata yaxın olan narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb

Cari ilin yanvar-mart ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 2 ton 896 kiloqram 808,712 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 75 milyon 978 min manat kimi qiymətləndirilir.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-mart aylarının yekununa dair məlumatında bildirilib.

Qeyd olunub ki, narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Sözügedən müddətdə hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2443 cinayət faktı aşkarlanıb. Onlardan 549-u narkotik vasitələrin qanunsuz satışı, 1889-u narkotik vasitələrin qanunsuz əldə edilib-saxlanılması, 4-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 896 kiloqram 808,712 qram və 17 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 477 kiloqram 653,24 qramını marixuana, 171 kiloqram 664,846 qramını heroin, 57 kiloqram 520,39 qramını tiryək, 160 kiloqram 241,04 qramını həşiş, 6 kiloqram 536,7 qramını digər narkotik vasitələr və 23 kiloqram 192,496 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı, 15 ədəd çətənə bitkisi və 17 həb psixotrop maddə aşkar edilərək götürülüb.