Kitabxananın oxucuları müsabiqə qalibləri oldular - Foto
Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəal oxucularına Fəxri fərman, diplom və sertifikatlar təqdim olundu.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru, Fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq, qonaqları salamladı və onları Abay yaradıcılığı ilə tanış etdi. O qeyd etdi ki, Abay təkcə qazax xalqının deyil, bütövlükdə Türk dünyasının tarixində parlaq iz buraxıb. 9 avqust 1995-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Nursultan Nazarbayevin dəvəti ilə Almatıda Abayın 150 illiyinin qeyd olunması ilə bağlı keçirilən təntənəli tədbirdə iştirak edib və söyləyib: “Abay, onun yaradıcılığı bütün bəşəriyyətə, bütün xalqlara məxsusdur... Abay bütün bəşəriyyətə, eyni zamanda, Azərbaycan xalqına məxsusdur”. Ulu Öndər Heydər Əliyev Abay Kunanbayevin 125 və 150 illik yubileylərində iştirak edərək şairi Türk dünyasının böyük oğlu adlandırdı.
Azərbaycanda da Abay Kunanbayevin xatirəsi həmişə əziz tutulur. 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bakının küçələrindən birinə Abay Kunanbayevin adı verilmişdir. Daha sonra o vurğuladı ki, BDU-da Abay Mərkəzi açılıb, Abayın yubileyləri ilə bağlı simpozium və konfranslar keçirilir.
Qazaxıstanda qazax yazılı ədəbiyyatının banisi, Türk dünyasının böyük şairi, mütəfəkkiri, ictimai xadimi, tərcüməçisi Abay Kunanbayevin 180 illik yubileyinə həsr olunmuş “IX Abay oxuları” Beynəlxalq şeir müsabiqəsi keçirilmişdir. Mərkəzi Kitabxananın 6 oxucusu müsabiqədə onlayn formatda iştirak etdərək finala çıxmışdır. Nuray Hüseynova II, Fuad Hüseynzadə III, Aliyə Tağıyeva, Əminə Eruslu, Əminə Abdullayeva və Şəlalə Ağamalıyeva isə sertifikat qazanmışdılar. Müsabiqə qalibləri Abayın şeirlərini söylədilər və onlara mükafatlar təqdim olundu.
Mərkəzi Kitabxanada 20 Yanvar hadisəsinə və Xocalı soyqrımına həsr olunmuş rəsm sərgisi təşkil olundu. Sərgidə tabloları nümayiş olunan gənc rəssamlar – Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Xədicə Əlizadə, Fatimə Məmmədova, Rəhimə Mənsimzadə, Ramal Rəsulov və Rəsul Babayev Fəxri fərmanlarla təltif olundular. İncəsənət Gimnaziyasının direktor müavini, sənətşünaslıq doktoru Hicran Sadıqzadəyə, müəllimlər Kəmalə Musayevaya və Rza Rzayevə kitablar hədiyyə olundu. Şagird və valideynlər tədbirin təşkilatçılarına dərin minnətdarlıqlarını bildirdilər.
Təltifetmə mərasimində tanınmış alimlər, pedaqogika üzrə fəlsəfə doktoru Yaşar Əliyev, sənətşünaslıq doktoru Hicran Sadıqzadə və şagirdlər çıxış etdilər.
Ə.Vahid adına 1 №-li kitabxana filialının böyük kitabxanaçısı Dilşad Əliyevaya 60 illik yubileyi münasibəti ilə təşəkkürnamə təqdim olundu.

