Xəzəri tullantı suları ilə çirkləndirən axarların əksəriyyəti Bakı və Sumqayıtda yerləşir - RƏSMİ

Abşeron yarımadası fiziki coğrafi, geoloji tektonik, geomorfoloji və hidrogeoloji şəraitinə görə əsasən 2 hissəyə bölünür: Qərbi Abşeron və Şərqi Abşeron. Onların qəbul olunmuş sərhəddi şimalda Nardaran qəsəbəsindən cənubda Hövsan burnuna qədər yer səthində yayılmış Orta Abşeron və Xəzər yaşlı çöküntülərin qərb sərhəddi boyunca keçir.

Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, bu rayonlarda lokal sinklinal strukturlarda yayılmış çöküntü komplekslərinin sululuğu təzyiqli və qrunt sularına bölünmüş, sulu horizontların sərhədləri, istismar ehtiyatları, qidalanma mənbələri, digər horizontlarla əlaqəsi ayrılıqda öyrənilib.

 Tullantı sularının mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması, eləcə də Xəzər dənizinə göstərilən mənfi təsirlərin öyrənilməsi məqsədilə sahil zolağında keçirilən monitorinqlərə əsasən müəyyən olunub ki, dəniz tullantı suları ilə çirkləndirən axarların böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərinin inzibati ərazilərində yerləşir.

İnzibati rayonların ərazisindən dənizə istiqamətlənən 101 axar mövcuddur ki, bunlardan 90 axar Bakı, 11 axar isə Sumqayıt inzibati ərazisindədir. Çirklənməyə səbəb qarışıq (məişət və sənaye) tullantı suları və çirkab sutəmizləyici qurğularının çatışmazlığı ilə paralel yağış suları kollektorları da rol oynamaqdadır. Belə ki, yağış suları kollektorları keçmiş Sovetlər İttifaqı zamanı Bakı şəhərinin urbanizasiya planına uyğun olaraq inşa edilib. Lakin Bakı şəhərində əhali sıxlığının artması, eləcə də yeni qəsəbə və yaşayış massivlərinin sayının çoxalması ilə zamanında inşa edilən yağış suları kollektorlarına tullantı sularının axıdılması çirkləndiricilərin birbaşa dənizə tökülməsinə səbəb olur.//Trend