Səməd Vurğunun 120 illiyi ilə bağlı tədbirlər planı təsdiqlənib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasındə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə hazırlanmış yeni elektron resurs təqdim edilib.

Bu barədə AMEA-dan məlumat verilib. Layihəni təqdim edən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, resursda şairin avtobioqrafiyası, əsərləri, kitabları və şeirləri geniş şəkildə təqdim olunur. Burada istifadəçilər Səməd Vurğunun müxtəlif illərdə nəşr edilmiş “Seçilmiş əsərləri”, “Aygün”, “Vaqif”, “Muğan”, “Mən tələsmirəm”, “İstiqbal təranələri”, “Deyin, gülün, övladlarım!” və s. kitabları, məqalələr toplusu, o cümlədən şairin həyat və yaradıcılığı haqqında monoqrafiyalar, avtoreferatlardan ibarət 100-ə yaxın kitabla tanış ola bilərlər. Həmçinin tərcümələri, aforizmləri, şeirləri əsasında hazırlanmış audio səsləndirmələr də resursun “Şairin yaradıcılığı” bölməsində təqdim olunur.

Hüseyn Hüseynov qeyd edib ki, elektron bazada sənətkarın dövlət mükafatları, fəxri adları, orden və medalları barədə məlumatlar da toplanıb. “Fotoyaddaş” yarımbölməsində onun həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər, videoarxivdə isə çıxışları, haqqında çəkilmiş filmlər və digər sənədli materiallar bir arada sistemləşdirilib. Resursda, həmçinin şairin şeirlərinə bəstələnmiş mahnılar, film və tamaşalar bölməsində isə “Aygün”, “Yeddi oğul istərəm” bədii filmləri, “Vaqif”, “Fərhad və Şirin” tamaşaları yer alır.

Elektron resurs Mərkəzi Elmi Kitabxananın saytına inteqrasiya ediləcək və bütün oxucuların istifadəsinə veriləcək.

Daha sonra iclasda Azərbaycan Respublikası Prezidentinin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı müzakirə olunub. AMEA prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamdan irəli gələrək Akademiyanın elmi müəssisə və təşkilatlarından təkliflər toplanıb və ümumiləşdirilərək Mədəniyyət Nazirliyinə təqdim olunub. AMEA-nın Tədbirlər planı müstəqilliyimizin verdiyi geniş imkanlar işığında, elmi prinsiplər əsasında tədqiq və təbliğini əhatə edən çoxsaylı nəşr və tədbirləri əhatə edir.

Daha sonra Rəyasət Heyəti tərəfindən Xalq şairi Səməd Vurğunun 120 illiyi ilə bağlı AMEA-nın tədbirlər planı təsdiqlənib.