Muxtar Babayev: Hazırda əsas diqqət yaşıl təhsil üzərində cəmlənib

Hazırda əsas diqqət yaşıl təhsil üzərində cəmlənib. COP29 çərçivəsində formalaşdırılan irsimiz də məhz bu istiqamətə yönəlib. Məktəblər və universitetlərdə müxtəlif təhsil proqramları vasitəsilə gənclərə iqlimlə bağlı bilik və bacarıqlar aşılanır.

Bu fikirləri COP29-un sədri, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev avqustun 25-də Şamaxıda keçirilən COP29 İqlim Dəyişikliyi üzrə yay düşərgəsinin açılış mərasimində səsləndirib.

“Son illərdə gənclərlə, qeyri-hökumət təşkilatları ilə, ictimaiyyətin fəal nümayəndələri ilə apardığımız fəaliyyətlərin əksəriyyəti məhz Şamaxıda keçirilir. Bunun əsas səbəbi Bakıdan uzaq olmaması – cəmi 120 kilometr məsafədə yerləşməsi, eyni zamanda bölgənin gözəl təbiəti, müasir infrastrukturu və yerli icra hakimiyyətinin nümayiş etdirdiyi səmimi qonaqpərvərlikdir. Bütün bunlar gənclərin iqlim təşəbbüsləri üçün mükəmməl şərait yaradır.

Şamaxı gələcək illərdə də proqramlarımız üçün xüsusi əhəmiyyət daşıyan bir məkana çevriləcək. Bu gün burada iqlim müzakirələri, yaşıl təhsil və ekoloji təşəbbüslər ətrafında fikir və ideya mübadiləsi aparmaq üçün əlverişli platforma mövcuddur. Çünki bu gün dünyada əsas prioritet, gələcək nəsillər üçün daha davamlı həyat və iqlim baxımından dayanıqlı inkişafı təmin etməkdir.

Azərbaycan hökuməti və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu proqramlar gənc nəslin ekoloji şüurunun artırılmasına mühüm töhfə verir.

Bu ideyaların təbliğində müəllimlər və təhsil işçiləri aparıcı rol oynayır. Onlar yaşıl gündəmin əsas daşıyıcıları kimi ölkə üzrə maarifləndirmə işlərinin genişlənməsinə dəstək verirlər. Bu prosesdə gənclərin fəal rolu da diqqətəlayiqdir. Burada Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənovanın rolunu xüsusi vurğulamaq istərdim. Hazırda bu beynəlxalq təşkilat 121 ölkəni birləşdirərək gəncləri ortaq məqsədlər ətrafında toplayaraq mühüm nəticələr əldə edib. Bu tədbir çərçivəsində 20-dən çox ölkədən gələn nümayəndələrlə keçirilən müzakirələr gələcək birgə fəaliyyətlər üçün yeni imkanlar yaradır. Azərbaycanın məqsədi iqlim gündəliyini həm regional, həm də beynəlxalq müstəvidə davam etdirmək, gəncləri, QHT-ləri və ictimaiyyət nümayəndələrini bu prosesə daha geniş cəlb etməkdir.

Eyni zamanda, ölkəmizin iqlim siyasətində mühüm simalardan biri COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai, son illərdəki fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsləri nəticəsində dövlət və özəl sektor, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri arasında açıq dialoq platforması formalaşdırılıb, müxtəlif səviyyələrdə layihələr hazırlanaraq uğurla həyata keçirilib.

Bu işlərdə könüllülərin rolu əvəzsizdir. COP tədbirlərinə hazırlıq prosesində 16 min könüllü iştirak edib, tədbirin icrasında isə 4 mindən çox gənc fəallıq göstərib. Ən gənc könüllü 16, ən yaşlı isə 70 yaşında olub. Bu fakt gənc nəslin sosial layihələrə böyük marağını və fəallığını açıq şəkildə nümayiş etdirir.

Son illərdə regionun iqlim gündəliyinə diqqət daha da artıb. Özbəkistanda keçirilən forum, Qazaxıstanın paytaxtı Astanada, Qırğızıstanın Bişkek şəhərində, eləcə də Tacikistanda təşkil olunan müzakirələr, xüsusilə buzlaqların qorunması və ekoloji problemlərin həlli ilə bağlı regional əməkdaşlığı gücləndirib. Gələn il Qazaxıstanda keçiriləcək regional iqlim forumu isə yeni ideyaların və fəaliyyətlərin müzakirəsi üçün daha geniş imkan yaradacaq. Azərbaycan bu proseslərdə aktiv iştirakını davam etdirəcək.

Afrika və Asiya regionlarında keçirilən görüşlər, o cümlədən Tanzaniyada təşkil olunan Afrika Forumu və Nepalda gənclərlə aparılan müzakirələr də qlobal miqyasda ekoloji təhsil və maarifləndirmə istiqamətində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edib.

Bu gün Şamaxı platforması iqlim sahəsində həyata keçirilən işlərin nəticələrini təqdim etmək, yeni təşəbbüsləri beynəlxalq tərəfdaşlarla paylaşmaq üçün mühüm imkan yaradır. Azərbaycan COP29-un ötən il ev sahibi kimi, bu il noyabrda Braziliyaya təhvil veriləcək sədrliyə qədər qlobal iqlim müzakirələrində fəal liderliyini davam etdirəcək.

Bu gün və qarşıdakı günlərdə səslənəcək ideyalar, tövsiyələr və təkliflər gələcək fəaliyyətlərin daha effektiv şəkildə planlaşdırılmasına xidmət edəcək”, - deyə Muxtar Babayev vurğulayıb.//Azərtac