Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, sağlamlıq vəziyyəti yoxlanıldıqdan, təhlükəsizlik qaydaları ilə tanışlıqdan və aviasiya vasitələrinə nəzarət baxışı keçirdikdən sonra uçuş heyətləri təlim-məşq uçuşları üzrə tapşırıqların icrasına başlayıblar.

Plana uyğun olaraq, gənc pilotlar qalxma, enmə, müəyyən edilmiş marşrutlar üzrə fərdi və aviasiya qrupları tərkibində uçuşların icra olunması, müxtəlif hündürlüklərdə pilotaj elementlərinin icrası və digər uçuş tapşırıqlarını uğurla yerinə yetiriblər.

Hərbi pilotlarımızın peşəkarlıq səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən təlim uçuşları zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.