BDYPİ  “1 sual – 1 cavab” maarifləndirici rubrikasında sosial şəbəkələrdə ən çox ünvanlanan növbəti sual cavablandırılıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “1 sual – 1 cavab” maarifləndirici rubrikasında sosial şəbəkələrdə ən çox ünvanlanan növbəti sual cavablandırılıb.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, bu dəfə “İnzibati xətaya görə təyin edilmiş bal hansı müddətə qüvvədə olur?” sualı cavablandırılıb.

Vurğulanıb ki, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin qeyd hissəsinin tələbinə əsasən, inzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiqetmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur.

Qeyd edək ki, rubrikanın məqsədi hərəkət iştirakçılarının yol hərəkəti qaydaları haqqında biliklərini artırmaqdır. Burada vətəndaşlardan gələn suallar əsasında mövzular seçilir, cavablar isə mövcud qaydalar və normativ-hüquqi aktlar çərçivəsində təqdim olunur.

BDYPİ hər bir hərəkət iştirakçısını qaydalara riayət etməyə, özünün və başqalarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır.