Bu gün paytaxtın 548 küçəsi yuyulub

Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən  verilən məlumata görə, bu gün səhər saatlarından etibarən BŞİH-in Kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 548 əsas küçəsi, prospekt və məhəllədaxili yollarının yuyucu maddələrlə yuyulması təmin edilib.

Təmizlik işləri Mərkəzi Nəbatat bağında da keçirilib, parkdakı ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

İməcilik paytaxtın bütün rayonlarını əhatə edib.