Azərbaycan Yaxın Şərq ölkələri üçün də mühüm enerji tərəfdaşına çevrilməkdədir - ŞƏRH

Azərbaycanın enerji siyasəti Prezident İlham Əliyevin uzaqgörən və strateji baxışına əsaslanır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar və beynəlxalq enerji diplomatiyası nəticəsində ölkəmiz həm bölgədə, həm də qlobal səviyyədə mühüm enerji aktoruna çevrilib.
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Deputat qeyd edib ki, “Əsrin müqaviləsi” ilə başlanan bu yol, bu gün Azərbaycanın beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi tanınması ilə davam edir. Azərbaycan enerji təhlükəsizliyinin təminində, dayanıqlı və alternativ enerji marşrutlarının formalaşdırılmasında xüsusi rol oynayır. TANAP və TAP kimi qlobal əhəmiyyətli layihələr Prezident İlham Əliyevin liderliyində gerçəkləşmiş və Avropa ilə enerji əməkdaşlığını strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Bu siyasət həm də Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirib, ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycanın enerji siyasəti yalnız ixracla kifayətlənmir, bərpaolunan enerji mənbələrinə keçid, enerji səmərəliliyi, ekoloji tarazlıq və innovasiyaların tətbiqi sahəsində də ciddi addımlar atılır. Eyni zamanda, Azərbaycanın enerji siyasəti regional sabitlik və tərəfdaşlıq modelinə əsaslanır. Azərbaycanın həm Avropa, həm Mərkəzi Asiya, həm də Yaxın Şərq istiqamətində həyata keçirdiyi enerji əməkdaşlıqları bu siyasətin məntiqi davamıdır. Azərbaycanın enerji siyasəti ötən illər ərzində həm regional, həm də qlobal səviyyədə mühüm aktora çevrilməsini təmin edib.
S.Qurbanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji və uzaqgörən siyasət nəticəsində Azərbaycan bu gün etibarlı enerji tərəfdaşı kimi tanınır. Avropaya enerji ixracı ilə kifayətlənməyən ölkəmiz, artıq Yaxın Şərq istiqamətində də fəal siyasət yürütməyə başlayıb. Bu baxımdan Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı mühüm geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. Suriyada uzun illər davam edən münaqişədən sonra bərpa və inkişaf mərhələsinə keçid baş verir. Məhz belə bir vaxtda Azərbaycan qardaş və dost ölkə kimi bu proseslərdə iştirak etməyə, Suriyanın enerji təhlükəsizliyinə və iqtisadi dirçəlişinə töhfə verməyə hazır olduğunu nümayiş etdirir. Bu da ölkəmizin humanitar və strateji yanaşmasının vəhdətindən xəbər verir. Azərbaycan-Suriya münasibətlərinin yeni mərhələyə qədəm qoyması, bu ilin iyulunda Suriya Prezidentinin Azərbaycana rəsmi səfəri və Antalyada Prezidentlər səviyyəsində keçirilən görüşlər fonunda aktuallaşıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, Baş nazirin müavini Samir Şərifovun və digər hökumət nümayəndələrinin Suriyaya səfəri, Azərbaycanın bu ölkənin enerji və infrastruktur layihələrində hansı formatda iştirak edə biləcəyinin araşdırılması baxımından əhəmiyyətlidir.
“Azərbaycan bu günə qədər 12 ölkəyə, o cümlədən əsasən Avropa dövlətlərinə təbii qaz ixrac edir. Lakin Suriya bazarına çıxış və ümumiyyətlə, Yaxın Şərq regionu ilə enerji əməkdaşlığının qurulması, Azərbaycanın qaz ixrac coğrafiyasının diversifikasiyası baxımından yeni bir mərhələnin başlanğıcıdır. Suriya yalnız istehlakçı ölkə deyil, həm də tranzit imkanları ilə fərqlənən bir dövlətdir. Ölkənin İordaniya ilə birləşən qaz infrastrukturu bərpa olunduğu təqdirdə, Azərbaycan qazının Suriyadan keçməklə Misirə və daha geniş Ərəb coğrafiyasına çatdırılması mümkün ola bilər. Bundan əlavə, Azərbaycanın yalnız təbii qazla deyil, elektrik enerjisi ilə də ixracat gücünü artırması regional enerji təhlükəsizliyinə verdiyimiz töhfənin daha bir göstəricisidir. Ölkəmiz artıq Cənubi Qafqaz və Avropa ilə yanaşı, Yaxın Şərq ölkələri üçün də mühüm enerji tərəfdaşına çevrilməkdədir. Bu isə Azərbaycanın regional liderlik mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Sözsüz ki, Azərbaycan qazının Suriyaya ixracı ölkəmizin çoxşaxəli, balanslı və perspektivli enerji siyasətinin növbəti uğurudur. Amma bu məsələyə yalnız bir enerji layihəsi kimi yox, həm də regionda sabitlik, tərəfdaşlıq və inkişaf niyyəti kimi baxmaq lazımdır”, - deyə komitə sədri əlavə edib.