Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsi yenidən qurulacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında paylayıcı elektrik şəbəkəsinin dayanıqlılığının təmin edilməsi, bu sahədə infrastrukturun daha da yaxşılaşdırılması, istehlakçıların enerji təchizatının səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiqlənəcək. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etməli və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti isə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə növbəti illərdə dövlət büdcəsi layihələrində tələb olunan maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməli, eyni zamanda, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.