Baş nazir Əli Əsədov Türkmənbaşıda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Nazirlər Kabinetindən bildiriblər ki, Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.
İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın iqtisadi-ticari, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.