TKTA statistik məlumatları açıqlayıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) iyunun 5-dən iyulun 9-dək tanınma üzrə statistik məlumatları açıqlayıb.

Agentlikdən bildirilib ki, qeyd olunan müddət ərzində 192 müraciətçinin 171-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 6 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb, 15 nəfərin sənədləri isə sənəd çatışmazlığına görə geri qaytarılıb.

Mənfi qərarla yekunlaşan müraciətlərə misal olaraq 2 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript), 2 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript) və saxta apostil, 1 fakt üzrə isə dövlət nümunəli olmayan transkript (saxta transkript) və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması təsbit edilib.

Ölkələr üzrə Türkiyədən 151, Rusiyadan 9, Çexiyadan 2, Birləşmiş Krallıq, Əlcəzair Xalq Respublikası, Gürcüstan, Latviya, Macarıstan, Özbəkistan, Polşa, Qazaxıstan və Ukraynanın hər birindən 1 müraciət müsbət nəticələnib.

Türkiyənin Karamanoğlu Mehmetbey Universiteti və Kocaeli Sağlamlıq və Texnologiya Universitetində dövlət nümunəli olmayan transkript (saxta transkript), Afyon Kocatepe Universitetində dövlət nümunəli olmayan transkript (saxta transkript) və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, Mersin Universitetində dövlət nümunəli olmayan transkript (saxta transkript) və saxta apostil, Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (Seçenov Universiteti) və Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 6 müraciət mənfi qərarla yekunlaşıb.