Ağdam və Ağdərə rayonlarında genişmiqyaslı yanğın baş verib

Ağdam və Ağdərə rayonlarında bir neçə kəndi əhatə edən genişmiqyaslı yanğın qeydə alınıb.

 

Yanğın Ağdam rayonunun Əlağalı, Qaralar və Qazançı kəndlərində başlayaraq Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində yayılıb.

 

Ərazilərdəki kol bitkiləri və quru ot örtüyü yanğının daha da genişlənməsinə səbəb olub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. Ağdam rayonundan 2 yanğınsöndürən maşın və işçi heyəti, eləcə də Xocalı və Ağdərə rayonlarından hər birindən 1 texnika və şəxsi heyət yanğının qarşısını almağa çalışır.

 

Ərazinin dağlıq relyefi səbəbindən söndürmə işləri çətinləşib. Ümumilikdə 50 nəfərdən ibarət şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almaq üçün səfərbər olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.