Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, iyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb.
Əmrə tabe olmayan sərhəd pozucusu havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək üzərindəki bağlamaları atıb və geriyə qaçmağa nail olub.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 18 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.