AQTA: İşğaldan azad edilmiş ərazilərdə pestisid və aqrokimyəvi maddələrin qalıqları aşkarlanmayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şuşa, Ağdam, Laçın, Füzuli, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl və Tərtər rayonlarında fitosanitar monitorinqlər keçiriblər. Monitorinqlər zamanı laborator müayinələrin aparılması üçün müxtəlif bitkilərdən 38 nümunə götürülüb, zərərvericilərin mövcudluğunu müəyyən etmək məqsədilə 30 ədəd feromon tələ quraşdırılıb. Sözügedən ərazilərdə müvafiq fitosanitar tədbirlər həyata keçirilib.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən cavabda bildirilib.
Həmçinin qeyd olunub ki, istifadəyə yararsız pestisidlərin və gübrələrin mövcudluğunun tədqiqi və tədqiqat nəticələri əsasında müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən təqdim edilmiş koordinatlar əsasında pestisidlərin saxlanıldığı anbarların yerləşdiyi ərazilərin müəyyən edilməsi və həmin ərazilərə baxışın keçirilməsi məqsədilə agentliyin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunun Ətyeməzli, Cəbrayıl rayonu Horadiz-Mincivan yolunun sağ tərəfi, Qubadlı rayonu Xanlıq yolunun kənarı, Zəngilan rayon Mincivan qəsəbə yolu ərazisi və Laçın şəhəri ərazisində yerləşən keçmiş Kənd Kimya Birliyinin pestisid və aqrokimyəvi maddələr saxlanıldığı ehtimal olunan anbarların yerləşdiyi ərazilərdə monitorinqlər aparılıb.
Monitorinqlər nəticəsində ərazidə pestisid və aqrokimyəvi maddələrin qalıqları, o cümlədən anbar təyinatlı tikinti və ya tikinti qalıqları aşkar olunmayıb. Həmin ərazilərdən ümumilikdə 10 torpaq və 7 bitki nümunəsi götürülərək pestisid qalığının aşkar edilməsi məqsədilə laborator müayinələrə cəlb olunub. Götürülmüş nümunələrdə aşkar edilmiş pestisid qalıqlarının miqdarı normaya uyğun olub.