“Qərargah zabiti kursu”nun buraxılışına həsr olunmuş mərasim keçirilib

İyulun 17-də Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun “Qərargah zabiti kursu”nun buraxılışına həsr olunmuş mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
MMU rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov məzunları Müdafiə Nazirliyi və MMU rəhbərliyi adından təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatlardan danışan general-mayor A.Həsənov ordu quruculuğunda müasir təhsil sisteminin daha da inkişaf etdirilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb, “Qərargah zabiti kursu”nun zabitlərin peşəkarlığının daha da artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Məzunlar adından çıxış edən kurs birincisi yaradılan şəraitə, eləcə də kursun yüksək səviyyədə təşkili və keçirilməsinə görə Müdafiə Nazirliyi və MMU rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlığını bildirib, qazandıqları nəzəri bilikləri xidmətlərində uğurla tətbiq edəcəklərini vurğulayıb.
Sonda kursu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.