Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 17-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirib.
DİM-dən bildirilib ki, imtahanda 161 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, müxtəlif istiqamətlər üzrə ümumilikdə 46 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.
İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ var.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası iyulun 21-22-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299