Azərbaycanda anbarlarda mövcud olan su ehtiyatlarının həcmi açıqlanıb

Hazırda ölkə ərazisində yerləşən əsas su anbarlarındakı su ehtiyatının həcmi təxminən 19 milyard kub metrdən çox təşkil edir.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, bu göstərici cari dövr üçün su ehtiyatının idarə olunması baxımından ümumilikdə qənaətbəxş hesab olunur:

“Mövcud ehtiyat həm əhalinin içməli su ilə təminatı, həm də kənd təsərrüfatı və digər sahələr üzrə suvarma tələbatının ödənilməsi üçün mühüm rol oynayır.

 Qlobal iqlim dəyişiklikləri, transsərhəd çaylardan daxil olan su həcminin azalması və yağıntı miqdarındakı dəyişiklik kimi faktorlar su ehtiyatının davamlı və effektiv şəkildə idarə olunmasını zəruri edir.

Məhz bu səbəbdən ADSEA tərəfindən su ehtiyatının daha səmərəli idarə olunması, su itkilərinin qarşısının alınması və mövcud resursların qorunaraq gələcəyə saxlanılması məqsədilə müntəzəm tədbirlər həyata keçirilir”.

Qeyd edilir ki, eyni zamanda, su ehtiyatının möhkəmləndirilməsi və artırılması istiqamətində də alternativ mənbələrin araşdırılması, mövcud infrastrukturun təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilərək tətbiqi kimi istiqamətlərdə də işlər davam etdirilir.

“Su ehtiyatlarının qorunması istiqamətində təkcə aidiyyəti qurumların deyil, cəmiyyətin hər bir üzvünün üzərinə də məsuliyyət düşür və hər kəs sudan səmərəli və qənaətlə istifadə etməlidir”, - məlumatda vurğulanıb.//Trend