Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda Əfqanıstanın xarici işlər nazirinin müavini Mohammad Naim Vardak ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan və Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit-nəqliyyat, diplomatik, humanitar, konsulluq və digər sahələrdə əməkdaşlıq müzakirə olunub, əlaqələrin dərinləşdirilməsinin vacibliyi qeyd edilib.
Nazir müavini Elnur Məmmədov keçmiş münaqişə zamanı Əfqanıstanın ölkəmizin ədalətli mövqeyini birmənalı dəstəklədiyi üçün minnətdarlığını ifadə edib.
Əfqanıstan nümayəndə heyətinin də iştirak edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitinin əhəmiyyətinə toxunulub.
Mohammad Naim Vardak beynəlxalq tədbirlərdə iştirak üçün dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edərək, bu qəbildən olan təşəbbüslərin ölkələr arasında dialoqu və qarşılıqlı anlaşmanı təşviq etdiyini vurğulayıb.
Tərəflər, həmçinin regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparıblar.