Azərbaycandan Ukraynaya aparılan narkotik müsadirə edildi
Azərbaycan gömrükçüləri narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daha bir əməliyyat keçirib. Bu dəfə külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə irandan ukraynaya aparılması cəhdinin qarşısı alınıb.
Azərbaycandan tranzit keçməklə İrandan Ukraynaya külli miqdarda narkotik maddə aparan şəxs tutulub.
Dövlət Gömrük Komitəsi Cənub ərazi Baş Gömrük İdarəsinin əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Biləsuvar gömrük postunda Ukrayna vətəndaşı Haıevskyı Leonıdin idarə etdiyi yük avtomobili saxlanılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib.
Həmin nəqliyyat vasitəsində olan 560 rulon ''süni dəri'' yükünün Azərbaycandan tranzit keçməklə İrandan Ukraynaya aparılması nəzərdə tutulub. Yoxlama zamanı həmin yük şübhə doğurduğundan avtomobildən boşaldılıb. Xüsusi təlim keçmiş itlərlə yükə bir daha baxış keçirilib.
İtlər yükə yaxınlaşarkən reaksiya veriblər və gömrükçülər həmin ''süni-dəri'' olan bağlamaları açıblar. Yük avtomobilinin qoşqusunda 560 rulon ''süni dəri'' yükünün 288 ədədinin hər birinin daxilindəki karton borunun içərisində ümumi çəkisi 304 kiloqram 154 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

