Prezident İlham Əliyev: Bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır (TAM BƏYANAT)

2022-ci ilin yanvarında Kiyevə səfərimi xatırlayıram. Sizinlə (Volodimir Zelenski – red.) apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır. Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır.

Bu sözləri Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında söyləyib.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.

Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.

Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi.

Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.

Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik.

Qeyd etdiyim kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.

Bir daha Sizi və bütün ukraynalı qonaqlarımızı səmimiyyətlə salamlayıram.