Tramp marşrutu Azərbaycan və Ermənistan arasında sülhün əsas aspektidir - Kennet Encell

Tramp marşrutu Azərbaycan və Ermənistan arasında sülhün əsas aspektidir.

Bunu ABŞ-nin İnkişafın Maliyyələşdirilməsi Koprasiyasının (DFC) idarəedici direktoru Kennet Encell Amerika biznes nümayəndə heyətinin Bakı səfərinin yekunlarına dair keçirilmiş brifinqdə diqqətə çatdırıb.

“Mən belə başa düşürəm ki, qısa müddət ərzində, Orta Dəhliz üçün daha geniş imkanlar açılacaq. Əsas məqsəd malların qərbdən şərqə, sonra isə şərqdən qərbə, yəni mahiyyət etibarı ilə Avropadan Çinə və geri daşınmasını təmin etməkdir.

 Mən hesab edirəm ki, bu, sıfır nəticəli oyun deyil, danışdığımız Orta Dəhliz Qazaxıstandan Azərbaycana, sonra Gürcüstana və daha sonra limanlara aparan yol olacaq. Bu, Qazaxıstandan Azərbaycana, sonra isə Türkiyə vasitəsilə gedən marşrutdan fərqlənəcəkmi – orada bunu etmək üçün kifayət qədər mal var, sadəcə malların daşınması üçün yeni bir yol açılacaq”, - deyə o bildirib.

Bundan başqa, Kennet Encell qeyd edib ki, bu marşrut Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında vacib mərhələ olub və bu barədə Prezident Tramp da açıqlama verib.

“Əgər sülh varsa, məhz sülh sayəsində iqtisadi inkişafa nail ola bilərsiniz. İqtisadi inkişaf isə rifaha aparır. Bu, ABŞ hökumətinin işinin mahiyyətidir. Biz sadəcə açıq olduqda və sülh qurulduqda nələrin baş verdiyinin nümunəsini göstərmək istəyirdik, belə olduğu zaman biz dərhal investisiyaları cəlb edə bilərik. Konkret bu missiya çərçivəsində biz limanlar, nəqliyyat və logistika sahələrinə fokuslanmışıq. Buna görə də ABŞ hökuməti olaraq maliyyə alətlərini açıq şəkildə təqdim edirik - istər ixrac sahəsində, istər texniki-iqtisadi əsaslandırmalarda, istərsə də Azərbaycana investisiyalarda”, - deyə o bildirib.//Trend