Zəngəzur dəhlizinin Azərbaycana aid hissəsində işlərin başa çatacağı tarix açıqlanıb

Orta Dəhlizin beynəlxalq yükdaşımalardakı rolu ildən ilə artır. 2024-cü ildə Orta Dəhlizlə 358 blok qatar Çindən Avropaya yola salınıb.
Bu sözləri jurnalistlərə açıqlaması zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən infrastruktur layihələri hesabına ötən illə müqayisədə Orta Dəhlizlə yükdaşımaların həcmi 5 dəfəyə yaxın artıb.
“Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat sisteminin çox önəmli bir halqasına çevrilərək, həm şərq-qərb, həm də şimal-cənub istiqamətində nəqliyyat bağlantılarının qurulmasında, tranzit yükdaşmaların həyata keçirilməsində strateji əhəmiyyət qazanıb. Dəhlizin Azərbaycan ərazisi üzrə işlərinin gələn il ərzində tamamlanması nəzərdə tutulur. Zəngəzur dəhlizinin inkişaf etdirilməsi ilə Orta Dəhlizlə əlavə 15 milyon ton yük daşınacaq”, - deyə şöbə müdiri əlavə edib.
F.Əliyev qeyd edib ki, bu il Azərbaycan vasitəsilə Çinə 450 blok qatarın göndərilməsi planlaşdırılır: “Ortamüddətli perspektivdə bu göstəricinin illik 1000 blok qatara çatdırılması gözlənilir. İnanırıq ki, qarşılıqlı səylər nəticəsində bu rəqəm daha da artacaq və Zəngəzur dəhlizi Çin ilə ilə Avropa arasında ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacaq”.//Azərtac