AQTA: Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar araşdırmalara başlanılıb

Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "1003-Çağrı Mərkəzi"nə daxil olan məlumat əsasında agentliyin regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən, Bəxtiyar Abbas oğlu Əhmədova məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.
“Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir”, - deyə məlumatda qeyd olunub.