Türkiyəyə 74 konteyner alüminium məhsulu yola salınıb
Gəncə İstehsalat Kompleksində istehsal olunan alüminium məhsullarının növbəti hissəsi İstanbula yola salınıb. İxrac məhsulu Türkiyəyə 72 konteynerdən ibarət blok qatarla “TURKUAZ” layihəsi çərçivəsində, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə çatdırılacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Konteyner" MMC-dən bildirilib ki, bu konteynerlərdəki əmtəəlik məhsulların ümumi çəkisi 2000 tondan çoxdur. Daşıma “ADY Konteyner” və “Azəralüminium” şirkətləri arasında imzalanmış birgə yükdaşımalar haqqında anlaşma memorandumuna uyğun olaraq həyata keçirilir.
Memoranduma uyğun olaraq, bu il Gəncə-Türkiyə marşrutu üzrə 486, Türkiyə-Gəncə marşrutu üzrə 204, Çin-Gəncə marşrutu üzrə isə 176 konteyner olmaqla, ümumilikdə 866 konteyner daşınıb.
Çindən Orta dəhlizlə və Türkiyədən BTQ dəmir yolu xətti ilə Azərbaycana alüminium sənayesinin strateji xammalı olan bişirilmiş karbon anod bloklarının idxalı həyata keçirilib.
Qeyd edək ki, fəaliyyətə başladığı 2021-ci ilin fevral ayından indiyədək “TURKUAZ” qatarı vasitəsilə 2 ölkə arasında 20 futluq ekvivalentdə 7000 minə yaxın konteyner daşınıb.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə həyata keçirilən tədbirlər nəticəsində multimodal konteyner yükdaşımalarının həcmində müsbət dinamika müşahidə olunur. Belə ki, adıçəkilən marşrut üzrə yükdaşımaların həcmi 2022-ci ilin 11 ayı ərzində 2021-ci ilin eyni dövrü ilə müqayisədə 37 faiz artıb.

