Prezident İlham Əliyev: Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur (TAM ÇIXIŞ)

Bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir.

Bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib.

Prezident İlham Əliyevin çıxışı

-Türk Dövlətləri Təşkilatının hökumət başçılarının toplantısı bu dəfə Bakıda keçirilir. Sizi səmimiyyətlə salamlayıram, xoş gəlmisiniz.

Əminəm ki, bu görüşün çox böyük faydası olacaq. Hər zaman olduğu kimi, bizim ölkələrimiz birlik, həmrəylik göstərəcəklər. Eyni zamanda, qarşımızda duran önəmli iqtisadi məsələlərin müzakirəsi üçün də bu görüşün çox böyük əhəmiyyəti var.

Bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir.

Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq.

Təbii ki, təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq. Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq.

Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq. Təşkilatımızın inkişafı üçün əlbəttə ki, Zirvə görüşlərinin böyük əhəmiyyəti var. Bu görüşlər müntəzəm olaraq keçirilir və bildiyiniz kimi, Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi görüşləri də keçirilməyə başlamışdır. Birinci belə qeyri-rəsmi Zirvə Görüşü Qarabağda, Şuşada keçirilmişdir. Artıq bu, ənənə halına çevrilib və hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Dövlət başçıları artıq ildə ən azı iki dəfə görüşürlər. Çünki həm müzakirə edilməli məsələlər çoxdur, həm dünyada proseslər o qədər sürətlə gedir ki, daim biz məsləhətləşmələr aparmalı, bir-birimizin fikirlərini öyrənməli və düzgün qərarların qəbul edilməsi üçün ortaq addımlar atmalıyıq.

İqtisadi sahədə, - sizin də görüşünüzün əsas məzmunu bu olacaq, - işlər yaxşı gedir. Azərbaycana gəldikdə, bütün üzv ölkələrlə bizim ticarət dövriyyəmiz artır, qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır. Biz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq. Düzdür, bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Ancaq digər üzv ölkələrlə də qarşılıqlı sərmayə qoyuluşu prosesi gedir. Bizim Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə investisiya fondları yaradılmışdır. Bu fondlar vasitəsilə artıq bir çox layihələr icra edilir, yaxud da ki, onların icrası üçün hazırlıq işləri aparılır.

Xüsusi minnətdarlığı Qarabağın bərpasına qardaş ölkələrin dəstəyinə görə ifadə etmək istərdim. Həm bərpa işlərinə, həm Qarabağda yeni müəssisələrin yaradılması işinə verdiyiniz dəstək bizim üçün çox önəmlidir. Bildiyiniz kimi, artıq Özbəkistan tərəfindən bizə hədiyyə edilmiş Mirzə Uluqbəy məktəbi fəaliyyət göstərir. Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bunlar Füzuli, Ağdam rayonlarındadır. Türkiyədən olan bir çox şirkətlər önəmli infrastruktur layihələrində - yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər. Eyni zamanda, Qarabağda iş yerlərinin yaradılması da bizim üçün çox önəmlidir və yenə də burada birinci xarici sərmayə qardaş ölkələrdən gəlib. Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlamışdır və hörmətli Prezident Şavkat Miromonoviç Mirziyoyevlə birlikdə biz o fabrikin açılışını qeyd etmişdik. Yəni bütün bunlar bir daha göstərir ki, bu gün bizim üçün əsas olan məsələdə, yəni Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir. Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq və bunu edirik. Türkiyədə yaşanan o dəhşətli zəlzələdən sonra Azərbaycan öz qardaşlıq dəstəyini göstərmişdir və Azərbaycanın maliyyə imkanları hesabına Kahramanmaraşda 100 milyon Amerika dolları dəyərində “Azərbaycan məhəlləsi” tikilib. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə biz bu “Azərbaycan məhəlləsi”nin açılışını da qeyd etmişdik.

Yəni bu, həm bir-birimizə göstərilən praktiki yardımlardır, eyni zamanda, bizim niyyətimizi göstərir. Eyni zamanda, bizim xalqlarımıza bir daha yol göstərir ki, biz bir-birimizin yanında olmalıyıq. Bütün dünyaya isə göstərir ki, Türk dünyası, Türk Dövlətləri Təşkilatı hər zaman - yaxşı günlərdə və çətin günlərdə üzv ölkələr səviyyəsində və təşkilat olaraq vahid məqsədlərə çatmaq üçün əlindən gələni əsirgəmir.

Təbii ki, iqtisadi məsələlərlə, sərmayə qoyuluşu məsələləri ilə yanaşı, bu gün bizim hamımızın qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarımızı genişləndirməkdir. Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Yəqin ki, bu gün Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək. Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı Ticarət Limanı, bizim avtomobil yollarımız, hava limanlarımız - bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki qaldı, Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90 faizi, dəmir yolunun isə təxminən 70 faizi hazırdır. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcəkdir. Bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilmişdir. Beləliklə, bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Bu, Orta Dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb. Amma gələcəkdə bu arta da bilər və yəqin ki, artacaq. Amma hər halda 15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün böyük önəm daşıyır. Biz yenə də burada çox ciddi və məsuliyyətli mövqe sərgiləyirik - həm öz maraqlarımızı təmin edirik, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edirik. Yəni bu, bir daha göstərir ki, bizim ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlibdir. Bax, bunları sizin diqqətinizə çatdırmaq istəyirdim. Bilirəm ki, bu gün sizin işiniz çox olacaq, bir çox məsələlər müzakirə ediləcək. Şübhə etmirəm ki, sizin görüşünüz bizim təşkilatımızın inkişafına növbəti töhfə olacaqdır. Bir daha sizi salamlayıram.