Nikol Paşinyan Qarabağ məsələsini bağlamağa çağırıb
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın səyləri sayəsində iki ölkə arasında münasibətlər sabitləşib.
Bu barədə Rusiya dövlət başçısı Moskvada Ermənistanın Baş naziri N.Paşinyanla görüşündə bildirib.
N.Paşinyan öz növbəsində qeyd edib: “Qarabağla bağlı məsələlərə gəldikdə, mən artıq Ermənistan Respublikasında çox şəffaf və açıq şəkildə bəyan etmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan ilə Azərbaycan arasında artıq sülh bərqərar olub”. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, siyasi müstəqilliyini və suverenliyini tanıyıblar.
Ermənistanın Baş naziri bu mövqeyin 1991-ci il Almatı Bəyannaməsinə əsaslandığını vurğulayıb. “Bu o deməkdir ki, biz qarşılıqlı şəkildə müstəqil Ermənistanın Sovet Ermənistanı ilə 100 faiz, müstəqil Azərbaycanın isə Sovet Azərbaycanı ilə 100 faiz eyni olduğunu qəbul edirik”, - deyə o bildirib.
N.Paşinyan bunu sülhün daha da irəliləməsi üçün möhkəm təməl adlandırıb: “Düşünürəm ki, bu, sülhün daha da inkişafı üçün kifayət qədər möhkəm təməldir”.
O, həmçinin Rusiya tərəfinə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinə kömək etdiyinə görə təşəkkür edərək bildirib: “Siz də şəxsən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əsas, çox vacib rol oynamısınız və indi də bunu davam etdirirsiniz”.//Azərtac

