İqlim maliyyələşdirilməsi bu sahəyə aid proqramlarda islahatların aparılması baxımından son dərəcə vacibdir - Muxtar Babayev
İqlim maliyyələşdirilməsi bu sahədə proqramlar və ümumilikdə iqlim gündəliyində islahatların aparılmas üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Bunu cümə günü Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Danışıqlardan kənarda: COP-un dayanıqlılıq uğrunda mübarizə"adlı panel iclasında bildirib.
Onun sözlərinə görə, çoxtərəfli əməkdaşlıq böyük təzyiq altındadır və BMT-nin bütün sistemi ciddi gərginlik yaşayır. Buna görə də yalnız müsbət qərarlar qəbul etmək deyil, həm də onların real həyata keçirilməsinə nail olmaq üçün sıx əməkdaşlıq son dərəcə vacibdir.
O xatırladıb ki, Bakıda keçirilən COP29 çərçivəsində İtki və Zərərə cavab verən Fondun fəaliyyətə başlaması barədə razılıq əldə olunub, həmçinin 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 300 milyard dollar maliyyə vəsaitinin səfərbər edilməsi üzrə maliyyə hədəfi razılaşdırılıb və 1,3 trilyon dollar həcmində iqlim maliyyələşməsinin səfərbər olunmasına dair praktiki plan təqdim edilib.
Muxtar Babayev qeyd edib ki, İtki və Zərərə cavab verən Fond ilə bağlı hazırda qəbul edilmiş qərarların icrasına nəzarət aparılır.
“İlk illərdə donorlar tərəfindən İtki və Zərərə cavab verən Fonda kifayət qədər aktiv vəsait axını müşahidə olunurdu. Lakin ötən il bu prosesin tədricən intensivliyini itirdiyi nəzərə çarpdı. Bu fond, ilk növbədə, inkişaf etməkdə olan kiçik ada dövlətlərə və digər ən həssas ölkələrə böyük fəlakətlərdən sonra iqtisadiyyatlarını və sosial həyatlarını bərpa etməyə kömək etmək məqsədilə vəsait toplayır”, – deyə o əlavə edib.
Eyni zamanda M.Babayev vurğulayıb ki, inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması barədə qərar, eləcə də 1,3 trilyon dollar iqlim maliyyəsinin ayrılması üzrə praktiki plan hazırda ciddi təzyiq altındadır.
“Dünya üzrə siyasətçilər getdikcə daha çox maliyyə öhdəliklərinin prioritetlərini yenidən nəzərdən keçirməyi düşünürlər. 2024-cü ildə Bakıda donorların 100 milyon dollar vəsait ayırmaq və 2035-ci il hədəflərinə doğru irəliləməni davam etdirmək barədə qərar qəbul etdiyi unikal bir mühit mövcud idi. Lakin hazırda, təəssüf ki, bu qərarlarla bağlı geri addımlar atıldığı barədə məlumatlar eşidirik və bu vəsaitlərin real nəticələrini görmək üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2025-ci ilin yekunlarına dair hesabatını gözləyirik.
Biz başa düşürük ki, bu gün digər çağırışlar – dövlətlərin təhlükəsizliyi, müdafiə məsələləri və hərbi mövzular getdikcə daha çox diqqəti və maliyyə resurslarını özünə cəlb edir. Ölkələr bu təhdidlərdən, müharibə və münaqişələrdən necə qorunmaq barədə daha çox düşünürlər. Lakin həyat dəyişir və hamımız bu dəyişikliklər şəraitində yaşayırıq. Biz uyğunlaşmalıyıq, lakin eyni zamanda investisiya qoymalı və maliyyələşməni təmin etməliyik. Çünki maliyyə dəstəyi olmadan bütün addımlarımız və fəaliyyətimiz, təəssüf ki, problemin real həllinə və nəticələrin əldə olunmasına gətirib çıxarmayacaq”, – deyə Muxtar Babayev yekunlaşdırıb.//Trend

