Oana-Silvia Toiu Ceyhun Bayramova zəng vurub
Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər bölgədə mövcud təhlükəsizlik vəziyyəti, xüsusilə Yaxın Şərqdə gərginliyin artması fonunda yaranmış risklər barədə danışıblar. Bu çərçivədə, İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumu barədə qarşı tərəf məlumatlandırılıb. Qeyd olunub ki, hücumlar nəticəsində mülki infrastruktura ziyan dəyib və mülki şəxslər xəsarət alıb.
Rumıniya naziri bu hücumu pisləyib və narahatlığını diqqətə çatdırıb. Bu cür hücumların regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayıb.
Telefon danışığı zamanı həmçinin Azərbaycan və Rumıniya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantı layihələri, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum edilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texniki vasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlar həyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuz uçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biri Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib, digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülki infrastruktur obyektlərini hədəfə alıb.
Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb və məktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.
Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.

